“Ailə tərbiyəsi görmüş xanımla evlənərəm”

-aile-terbiyesi-gormus-xanimla-evlenerem-
Oxunma sayı: 2352


- Ənənəvi sualımızdan başlayaq. Yaradıcılığınızda hansı yeniliklər var?

-  Artıq “Dilimin ucunda” mahnısını təqdim etmişik. Qısa müddət olmasına baxmayaraq, sevildi. Hazırda onun klub  janrında aranjeman etdiririk, tezliklə təqdim edəcəyik. Yeni mahnılarım da olacaq. Konsert vermək barəsində düşünürəm, çünki konsert vermək lazımdır. Sadəcə  bir az müddət lazımdır.

- Bu müddət hazırlıq, yoxsa maddi baxımından lazımdır? 

- Təbii ki, hazırlıq baxımından da vaxt lazımdır. Maddi tərəfi dilimə gətirmək istəmirəm.  Mən yaxşı konsert ortaya çıxartmaq istəyirəm. Səhnəyə çıxıb oxumaqla kifayətlənmək istəmirəm.  Yalan danışmağın yeri yoxdur. Hər  iki baxımdan vaxt lazımdır. Dekorasiya gözəl olmalıdır, geyimləri seçməliyəm, mahnılar üzərində işləməliyik. 

- Geyimdən söz düşmüşkən, geyimlərinizə nə qədər pul xərcləyirsiniz?

- Paltarlarıma çox pul xərcləyirəm. Demək olar ki,  qazancımın 50 faizi paltarlarıma gedir. Mən geyimlərimi özüm seçirəm, saç düzümümü də hər zaman özüm edirəm.

-  Bir müğənninin sevilməsi üçün nələr lazımdır? Gözəl görünüş yoxsa gözəl mahnılar? 

- Bir müğənninin mahnıları da, görünüşü də önəmlidir. Yanız ifa ilə  sevilmək olmur, onda gərək efirə çıxmayasan. Əgər görünürsənsə, özünə diqqət ayırmalısan. Bilməlisən ki, səni izləyən, səndən nələri isə öyrənən insanlar var.  Tamaşaçı birinci səsini bəyənir, sonra isə görünüşündən nələri isə götürür.  Kütləni istər sənət, istər geyim baxımından doğru istiqamətə aparmalısan. Bizim üzərimizdə bu baxımdan böyük yük var. 

- Elçinin görünüşü sevilməyinə nə qədər kömək edib?

- Mənim sevilməyimdə ifamla, görünüşüm vəhdət təşkil edib. Elə ifaçı var oxuyur. Deyirlər dinləyəsən, amma üzünü görməyəsən. Eləsi də var, deyirlər baxasan, amma oxumasın. Mənim həm ifam, həm də görünüşüm sevilməyimə kömək edir. 

- Elçin nə zaman ailə quracaq?

- Evlənmək barədə düşünmürəm.  Təbii ki, evlənmək lazımdır, ailə qurmaq vacibdir. Amma hələ evlənməyimə var.

-  Elçinin ailə quracağı xanım necə biri olmalıdır?

- Bu haqda indi danışmaq doğru olmaz. Deyə bilmərəm elə olacaq, belə olacaq. Qabaqcadan demək düşmür. Yalnız ailəyə yaraşacaq xanımla ailə quraram. Ailə tərbiyəsi görmüş xanım olmalıdır. 

- Sosial şəbəkələrdən fəal istifadə edən sənətçilərdənsiniz. 

- Bəli, sosial şəbəkə indiki dövrdə vacibdir.  Efirə o qədər təlabat yoxdur, nəinki şəbəkələrə. Biz də ondan piar olaraq istifadə edirik, məlumatları orada paylaşırıq, kifayət qədər məlumat əldə edirik. 

- Elçin mətbuatdan hansı sualı eşitmək istəmir?

- Mətbuat işçisi hər bir sualı verə bilər. Lakin şəxsi həyatıma toxunan sualları  eşitmək istəmirəm. 

- Qalmaqal sizin üçün nə məna kəsb edir?

- Süni qalmaqal sənətin büdrəməsidir,  zəiflikdir. 

- Elçinin rəqibi kimdir?

- Böyük danışmaq kimi çıxmasın, mən heç vaxt düşünməmişəm ki, filan kəs mənim rəqibimdir.  Müəyyən hədəflərim var,  müəyyən zirvəyə gəlib çatmaq istəyirəm. Lakin rəqibim yoxdur. İnkişafda olan sənətçilərimiz var, rəqabət gedir. Bu məni sevindirir. Rəqabət olmasa, inkişaf olmaz. Mən mahnı yazdırıram, başqası yazdırmayanda istər-istəməz rahat olursan ki, sevilir. Lakin birini mən, birini o, birini başqası təqdim edəndə onda çalışmağa məcbursan. Paxıllıq yox, sağlam rəqabət həmişə lazımdır.

- Xarici şou-biznesə necə qatılmaq istəyirsiniz?

- Gələcəkdə ola bilər, lakin hazırda belə bir plan yoxdur. Hələlik Azərbaycanda inkişaf getməlidir, müəyyən səviyyəyə gəlib çıxmalıyıq ki, xarici şou-biznesə qatılaq. 

- Kimləri dinləyirsiniz?

- Əvvəllər bizimkiləri və türk sənətçilərini dinləyirdim. İndi əsasən radioya qulaq asıram. Xoşuma gələn mahnıları dinləyirəm.

- Bayağı musiqilərə münasibətiniz necədir?

- Musiqiçi, bəstəkar olduğuma görə,  bayağı musiqilər mənim üçün zəif musiqilərdir. Onları dinləyən kütlə böyükdür. Bu mahnıların sevilmə səbəbi isə millətimizin asan musiqilərə meyl etməsidir, standart şeyləri sevirlər. O musiqilər qısa müddətli musiqilərdir. Bir müddət sevilib unudulacaqlar.  

- Bir neçə gün öncə pərəstişkarlarınızla görüşünüz baş tutdu.   Təəssüratlarınız necə oldu. 

- Uzun müddət idi, pərəstişkarlarımla bir araya gəlmək istəyirdim, vaxt tapa bilmirdim. Nəhayət onlarla görüşə bildim. Hər şey yaxşı keçdi, fanatların gəlməsi, görüşün təşkili ürəyimcə oldu. Onların sevgisini, istəyini, hiss etdim. Kənardan mənə olan sevgini görürdüm, lakin bu gün tamaşaçı sevgisini bir daha hiss etdim.  Sənətçi tamaşaçıya yalnız mahnı və xoş xatirə bəxş edə bilir. 

Könül