Azərbaycanda “Betta” dəstəsinin komandirinin qardaşı oğlu həbs olundu

-azerbaycanda-betta-destesinin-komandirinin-qardasi-oglu-hebs-olundu
Oxunma sayı: 3813

Prezident yanında Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) "Betta" dəstəsinin komandiri, polkovnik Fikrət Rzayevin qardaşı oğlu Zaur Rzayev həbs edilib. “Qafqazinfo” xəbər verir ki, hüquq mühafizə orqanlarındakı mənbədən "Bizimyolinfo.com"a daxil olan məlumata görə kapitan Zaur Elman oğlu Rzayev Daxili Qoşunların Sumqayıtda yerləşən hərbi hissəində əsgərlərdən kazarmanı təmir etmək adı ilə 1400 manat rüşvət alıb. Ümumilikdə əsgərlərdən 14 min manat pul yığılıb. Bakı Hərbi Məhkəməsinin hakimi Müslüm Əliyev 8 apreldə Zaur Rzayev və digər kapitan, komandirlə bağlı 3 ay müddətinə həbs-qətimkan qərarı çıxarıb. Z. Rzayev özünü bu işdə təqsirli bilmədiyini deyib.

Mənbə daha sonra bildirib ki, Zaur Rzayevin əvvəllər məhkumluğu olmayıb. O deyib ki, təxris olunan əsgər onun barəsində şikayət ərizəsi yazıb və buna görə həbs olunub. Mənbə bildirib ki, məhbus həbs olunmamaq üçün əmisi, polkovnik Fikrət Rzayevə zəng edərək ondan kömək istəyib. F. Rzayev ona kömək edəcəyini desə də, vədinə əməl etməyib.

Prezident İlham Əliyev 9 mart 2011-ci ildə sərəncam verərək Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən yüksək peşəkarlıq göstərdiyinə görə Zaur Rzayevi “Hərbi xidmətlərə görə” medalla təltif edib və ona kapitan rütbəsini verib.

Daxili Qoşunların mətbuat xidmətindən "Bizim Yol" a bildiriblər ki, Zaur Rzayevin hansı maddələrlə həbs edildiyini araşdırıb, sabah bizə məlumat verəcəklər.

Qeyd edək ki, Zaur Rzayev polkovnik Fikrət Rzayevin böyük qardaşı Elman Rzayevin oğludur. Elman Rzayev hazırda bizneslə məşğul olur.