“Azercell”in jurnalistlər üçün keçirdiyi seminarı başa çatdı

-azercellin-jurnalistler-ucun-kecirdiyi-seminari-basa-catdi
Oxunma sayı: 683

Bakıda “Azercell Telekom” MMC və ABŞ Təhsilli Azərbaycan məzunları İctimai Birliyinin təşkilatçılığı ilə Korporativ Sosial Məsuliyyət (KSM) mövzusunda iki günlük seminar keçirilib. “Qafqazinfo”nun məlumatına görə, KİV nümayəndələri üçün nəzərdə tutulan seminarın məqsədi KSM barədə məlumatlılığın artırılması olub. Treninqdə 20-dən çox jurnalist iştirak edib.

Təlimin açılış mərasimində Azercell Telekom MMC-nin media və nəşriyyat üzrə eksperti Fəxri Abbasov çıxış edərək bu mövzunun media nümayəndələri, həm də cəmiyyət üçün hansı önəm daşıdığından danışıb. Onun sözlərinə görə, Azərbaycanda ilk dəfədir KİV təmsilçiləri üçün Korporativ Sosial Məsuliyyət mövzusunda tədbir təşkil edilir.

Mərasimdə ABŞ Təhsilli Azərbaycan məzunları İctimai Birliyinin İdarə Heyətinin sədri Ceyhun Kərəmov treninqin mahiyyəti haqqında məlumat verib. Daha sonra Azərbaycan Diplomatik Akademiyasında icraçı prodüser Zaur Həsənov, Korporativ Sosial Məsuliyyət Şəbəkəsi İctimai Birliyinin yaradıcısı Aqil Qurbanov, Xəzər Universitetinin İqtisadi İdarəetmə departamentində Biznes Kommunikasiyası üzrə professor Şəhla Sultanova, Asiya İnkişaf Bankında İctimaiyyətlə əlaqələr üzrə məsləhətçi Tariyel Cəlallı müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər.

Təlimdə Korporativ Sosial Məsuliyyət anlayışının Qərbdə və Azərbaycanda meydana gəlməsi, Azercell-in KSM-in inkişafında rolu, xeyriyyəçilik və KSM arasındakı fərqlər, Azərbaycanda KSM-in təbliğatı və bu işdə medianın oynaya biləcəyi rol, müasir dövrün jurnalistikasında Korporativ Sosial Məsuliyyətlə adi reklamın arasındakı fərq və s. mövzularda müzakirələr keçirilib.

Təlimin ikinci günü seminar iştirakçılarının Azercell-in layihəsi olan Uşaq Qaynar Xəttinə, Mobil Göz və Mobil Diş klinikalarına səfər turu həyata keçirilib.

Sonda jurnalistlərə Azercell Telekom MMC tərəfindən sertifikatlar təqdim edilib. Sertifikatları təqdim edən Azercell-in Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə qeyd edib ki, bu tədbir Azercellin prioritet elan etdiyi iki önəmli sahəni – Korporativ Sosial Məsuliyyəti və medianı əhatə edir: “Biz əminik ki, bu sahə üzrə jurnalistlərin biliyi nə qədər çox olarsa, bundan həm onların özləri, həm də cəmiyyətimizin qazancı böyük olacaq. Bir tərəfdən, jurnalistlərin özləri konkret istiqamət üzrə daha ətraflı bilik alacaq, peşəkarlıqlarını artıracaqlar. Digər tərəfdən, cəmiyyətimiz peşəkar jurnalistlər tərəfindən hazırlanan dolğun məlumat almış olacaq”.

Qeyd edək ki, fəaliyyətdə olduğu 14 il ərzində Azercell Telekom ölkəmizdə sosial layihələrin icrasına təxminən 14,7 milyon ABŞ dolları xərcləyib.

Nigar Məmmədli