Bayram xonçasına görə, gecədən xəcalət çəkirəm...

-bayram-xoncasina-gore-geceden-xecalet-cekirem
Oxunma sayı: 3132

Nərmin Daşadova

Bu Novruz bitməmiş gələn Novruzu gözlədiyimiz vaxtlar var idi. Sonuncu çərşənbədə bütün qonşular bir yerə toplanır, papaq atır, tonqal qalayır, o ki var əylənirdik.

Bir dəfə bayram günü bacımla möhkəm dalaşdıq. Onu vurdum, sonra döyülməmək üçün qaragözlük edib özüm də ağlamağa başladım. Anam mətbəxdən qaça-qaça gəlib, “Ağlamayın, əziz gündə. Qapıya qulaq asan olar, yaxşı şeylər danışın” dedi. Elə möhkəm tapşırdı ki, ikimiz də birdən kiridik. İllər bir-birini əvəzlədikcə bayram artıq əvvəlki marağını itirməyə başladı. Hər şey tonqalın başından adamların sayının azalması ilə başladı. Hər təzə ilə bir qoca itirmiş, bir gənc qız köçürmüş, əsgərə bir oğul yola salmış çıxdıq. Və küçəmizdəki o möhtəşəm, hündür tonqalı atamın üzüm ağacının daranmış budaqlarından həyətimizdə qaladığı balaca tonqal əvəzlədi.

Bu gün ilaxır çərşənbədir. Evimizdə Novruzun nə olduğunu bilməyən iki uşaq var. Çünki mən, onlara 17 mərtəbəli göydələnin 6-ci mərtəbəsində, qonşuların bir-birini ancaq liftdə gördüyü bir yerdə və kommunal xərclərin ödənməsinə cəmi bir həftə qala, yəni bu enerji, bu gərginlik ilə Novruzun nə olduğunu, necə olduğunu göstərə, başa sala bilmərəm. Bu gün bağçaya apardıqları bayram xonçasına görə gecədən bəri xəcalət çəkirəm. Şəkərburasız, paxlavasız, səmənisiz- şokoladlı, “ozmo”lu, “petito”lu xonça düzəltdim onlara.

Amma biz balaca olanda, bayramdan bir həftə əvvəl, qohum qonşular yığışıb bütün bayram nemətlərindən bişirirdilər növbə ilə. Xonçalarımız rəngli yumurtalar, dadlı şirinilər, bayram şamları ilə bəzənirdi. Hamı bir-birinin evinə gedib bayramlaşır, bərəkətli il diləyirdilər. Bəlkə, elə ona görə də, əvvəllər çörəyimizin duzu olurdu. İnsanların bir-birinə ötürdüyü o müsbət enerji idi hər şeyin daha yaxşı olmasının səbəbi. Ya da , bəlkə qadınların başqa görəcək işləri yox idi? Dayancaqda saatlarla boş avtobus gözləmirdilər. Getdikləri sosial yer ancaq toylar idi. Əylənə bildikləri günlər isə bayramlar idi. Onda insanın enerjisini sümürən sosial şəbəkələr də yox idi axı. Qadın başqa nə etməli idi? Axı onda qadınlar qozun kilaqramının neçəyə olduğunu bilmirdilər, heç maraqlanmırdılar da. Əslində belə bir ixtiyaları da yox idi axı.

Əlbəttə ki, novruzu il boyunca stimul kimi gözləyəcəkdilər. Əlbəttə ki, uşaqlarına düzəldəcəkləri xonçanın planını 5 gün əvvəldən çizəcəkdilər.

Yoxsa mənim kimi? Gərək uşaqlar məni bağışlasınlar...