Biz niyə yanırıq?

-biz-niye-yaniriq
Oxunma sayı: 2233

Fərid Hüseyn


Müqəddəs İsa,
öz vətənində kürək söykənməyə
bircə yer qalır insana -
o da çarmıxda.
Çəkil, çəkil o yana –
yer ver mənə yanında.


4 gündür 30 insan dənizdə itkin düşüb, qalanı da salamat xilas olub. Tapılanlar da var. Qəribə bir mənzərə mövcuddur ölkəmizdə... Əksər adam çıxış edir, çəkir, göstərir, danışdırır, yazır... Söhbət ancaq prosesdən gedir. Yəni, nə, necə oldu. Bəs yanğın niyə baş verdi? Bizim digər neft yataqlarında sabah eyni hadisələrin baş verməyəcəyi üçün neyləməlidirlər? Yoxsa penoplastların sökülməsi işləri kimi, indi də quyuların yenidən sökülməsinə, yaxud təmirinə başlayacaqlar?

Son dövrlər ancaq ölüm olandan sonra əlimizi ağdan qaraya vururuq. Görəsən, hər sahədə təhlükəsizliyin təminatı üçün biz nə qədər itiklər verməliyik, nə qədər ailələr gözüyaşlı qalmalıdır?

Prosesi izlədikcə ürəyim yanır hər yerindən özünü qəhrəman eləmək, yaxud yaltaqlandığı obyekti mifləşdirməklə məşğuldur. Başımıza hansı bəla gəlməsindən asılı olmayaraq yaltaqlıq ikinci plana keçmir bəziləri üçün. Hər bəladan karlı çıxmaq istəyənlər var.

Acığı deyirəm, bu bədniyyət-zad deyil. Hər səhər bir qara xəbər gözləyirəm.

Gözləyirəm ki, harasa yanacaq, haranısa su basacaq, hansısa fəhlə binadan yıxılıb öləcək. Çünki əksər texniki sahədə təhlükəsizlik tədbirləri sıfıra bərabərdi.

Son olaylar aydın göstərir ki, bizi hər sahədə Tanrı qoruyur, Allah ümidinə yaşayırıq. Düşünəndə adam dəhşətə gəlir, əgər o zavallı qayıqlardan birini külək dəmirlərin arasına sıxışdırmasaydı bir nəfər də salamat adam çıxmayacaqdı.

Dənizdə borunun partlamasını təbii fəlakət kimi qiymətləndirilər. Yaşamaq feyzindən məhrum olanları külək aparıb bəyəm? Sadəcə yoxlanılmayan və davamsız borulardır... Çünki bizim ağlımızca borudan çıxan daha vacibdir, nəinki insan... Unutmağa bir dərd də tapdıq...

Az qalırlar deyələr ki, külək olmasaydı boru partlamazdı... Ay qardaş elə boru partlamasaydı, heç bu hadisə də olmayacaqdı da... Bir nəfər məsul çıxıb üzrxahlıq eləməkdənsə, qəhrəman pozalar hər yanı tutub... Elə bil düşmən təxribat törədəndə qarşısı alınıb, ya da dəniz qoşunlarımız dünyanın fəthindən qayıdır...

P.S. Göz yaşları yığılır hələ, bir gün o göz yaşları əsl dəniz olacaq... Xəzər kimi göl yox...