Ədəbaz prokuror, yaltaq molla

-edebaz-prokuror-yaltaq-molla
Oxunma sayı: 2416


Məclis Bakının mərkəzində fəaliyyət göstərən mərasim evlərinin birində keçirilirdi. Molla israfçılığın yaxşı əməl olmadığını sübut etməyə çalışırdı. Amma arada hakimiyyətin ünvanına xoş sözlər işlətməyi də yaddan çıxarmırdı: “Hökumətimizin ehsan süfrələrini qadağan edən qərarını alqışlayırıq. Oxuduğumuz dualardan başqa heç nəyin ölüyə xeyiri yoxdur”.

Sağ tərəfimdə əyləşmiş jurnalist həmkarım dirsəyi ilə qoluma toxundu: “Bu kişi nə danışır? Nazirlər Kabinetinin belə bir qərarı yoxdur”.

Özümü saxlaya bilmədim: “Artur müəllim heç dirilərin qeydinə qalmır. O ki qaldı, ölülər ola...”

Mərhumun yaxınlarına başsağlığı verməyə gələn insanların böyük əksəriyyəti tədirgin idi. Hamı istəyirdi ki, məclisi tez tərk etsin. Tanışlardan biri qalxmağı təklif etdi: “Çox oturmayaq, birdən elə bilərlər ki, yemək gözləyirik”.

Mollaya işarə etdik ki, “Fatihə” versin. Amma o, söhbətə ara vermək niyyətində deyildi: “Orucluqda nə qədər çalışsaq da, sizi günorta ehsan vermək fikrindən daşındıra bilmirik. Amma “yuxarıdan” göstəriş gələn kimi əl-qolunuzu yanınıza sallayıb, sakitcə əməl edirsiniz. Adamlardan yox, Allahdan qorxun”.

Bizimlə üzbəüz əyləşmiş müxalifət fəallarından biri bu sözlərdən xeyli ruhlandı: “Cəsarətli adama oxşayır. Gərək onu öz partiyamıza cəlb edim”.

Molla sözünü tamamlayıb, Quran oxumağa başladığı üçün məclisi tərk etmək niyyətimiz baş tutmadı.

Təxminən beş-altı dəqiqə sonra mərasim salonunun yerləşdiyi rayonun prokuroru məclisə daxil oldu. Prokuror sağa-sola baxmadan irəliləyir, qulbeçələri isə onu müşayiət edirdilər. Təkcə məclis iştirakçılarının deyil, mollanın da diqqəti həmin istiqamətə yönəlmişdi. Onun başını sinəsinə doğru əyib, prokurora necə təzim etdiyini öz gözlərimizlə gördük. Amma salamın Allaha məxsus olduğunu bildiyimiz üçün ağlımıza pis şey gətirmədik...

Məclisə dərin sükut çökmüşdü. Molla avazla Quran oxuyur, mərasim iştirakçıları isə sakitcə Allah kəlamını dinləyirdilər. Bu vaxt prokurorun telefonuna zəng gəldi. Prokuror danışmağa başlayanda onun səsi mollanın səsinə qarışdı və biz heç nə başa düşmədik. Amma belə çox davam etmədi. Prokurorun yanında əyləşmiş adamlardan biri mollanın üstünə qışqırdı: “Görmürsən müəllim danışır? Bir az yavaş oxu!”

Molla səsinin tonunu aşağı saldığı üçün biz prokurorun nə dediyini aydın eşidə bildik: “Axırıncı dəfə olsun. Bir də sənə güzəşt etməyəcəyəm”.

Uzun illərdən bəri jurnalistika ilə məşğul olduğum üçün həyatda hər tip adamla qarşılaşmışam. Amma belə ədəbazını birinci dəfəydi görürdüm...

Deyəsən, dilxor olan təkcə mən deyildim. Bir az əvvəl mollanı öz partiyalarına cəlb etmək istəyən müxalifətçi tanışım ilan kimi fısıldayırdı: “Həyatda nə qədər yaltaq adamlar varmış! Bir prokurora görə az qaldı ki, oxuduğu Quranı yarımçıq saxlasın”.

Molla oxuduğu Allah kəlamını tamamlayandan sonra əlindəki kitabı səliqə ilə pencəyinin döş cibinə qoydu. Məclisi tərk etmək istəyən çox olduğu üçün biz ona “Fatihə” verməyi təklif etdik. O, “Fatihə” surəsini tamamlayan kimi arxamıza baxmadan salondan çıxdıq. Həyətdə sinədolusu nəfəs alıb, ehsan süfrələrini qadağan edən adam(lar)ın ölənlərinə rəhmət oxuduq. Yoxsa, bu iyrənc mənzərənin üzündən yediklərimizi qaytarmalı olacaqdıq...