ƏƏSMN əməkdaşları Avropa Məşğulluq Forumunda iştirak ediblər

-eesmn-emekdaslari-avropa-mesgulluq-forumunda-istirak-edibler
Oxunma sayı: 641

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, sərgi və konfransdan ibarət olan tədbir çərçivəsində geniş müzakirələr aparılıb, yeni əməkdaşlıq əlaqələri qurulub.
Tədbirin əsas və əhəmiyyətli hissəsini təşkil edən sərgidə təmsil olunan Azərbaycan stendində ölkə görüntülərinin əks olunduğu video materiallar təqdim edilib. Eyni zamanda ƏƏSMN-in fəaliyyəti çərçivəsində atılan addımlar, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tətbiq edilən yeni yanaşmalar, ƏƏSMN və Dünya Bankı tərəfindən birgə icra olunan “Sosial Müdafiənin İnkişafı” Layihəsinin əmək bazarının islahatları istiqamətində görülmüş işlər barədə materiallar təqdim olunub. Sərgidə həmçinin, Azərbaycan haqqında tanıtım materialları nümayiş olunub. Qeyd edək ki, Azərbaycanın stendi müxtəlif ölkələrdən olan iştirakçıların böyük marağına səbəb olub.
Sərgidə geniş təqdimatla çıxış edən Azərbaycan nümayəndə heyəti tərəfindən Azərbaycan əmək bazarının əsas istiqamətləri, demoqrafik göstəricilər, ölkədəki işsizlik və yoxsulluq səviyyəsi, əmək bazarı ehtiyaclarının təmin olunması istiqamətində fəaliyyət, yeni açılan iş yerləri, sosial yardım siyasətinin uğurları, sosial yardım proqramlarının çeşidinin və ünvanlılığının təkmilləşdirilməsi istiqamətində qurulmuş beynəlxalq əməkdaşlıq əlaqələri, dövlət büdcəsinin social yönümlü olması barədə məlumatlar verilib.
İki gün davam edən konfransda Avropada gənclərin məşğulluğu probleminin həlli, əmək bazarı islahatlarında KİV-in rolu, təşkilati islahatlar, ahıl və yaşlı insanların məşğulluğunun təmin olunması - ömürboyu təhsil, gənclərin işsizliyi, əvvəllər məhkumluğu olmuş insanların sosial reabilitasiyası və s. mövzularda çıxışlar dinlənilib.
“Məşğulluq – yoxsulluqdan çıxış vasitəsi kimi” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan nümayəndə heyəti tərəfindən ölkədə nəzərəçarpan sosial iqtisadi inkişaf, əldə olunmuş nailiyyətlər, həyata keçirilən sosial müdafiə proqramlarının səmərəliliyi, eyni zamanda aparılan əmək bazarı islahatlarının istiqamətləri, kadrların keyfiyyətinin artırılması, layiqli əməyin təmin olunması ilə bağlı təşəbbüslər barədə məlumat verilib.
Qeyd olunan forum çərçivəsində Azərbaycan nümayəndə heyəti Avstraliya, Avstriya, Böyük Britaniya, Çexiya, Danimarka, Finlandiya, İspaniya, İtaliya, Latviya, Litva, Polşa, Portuqaliya, Rusiya və Yunanıstandan olan aidiyyəti nazirliklər, məşğulluq sahəsində ixtisaslaşmış qurumlar və özəl sektor nümayəndələri ilə görüşlər keçirib. Görüşlər zamanı Avropa məkanında iş axtaran və işsiz vətəndaşlar üçün məşğulluq xidməti orqanlarında tətbiq edilən yeni innovativ yanaşmalar, məşğulluq siyasəti və əmək bazarı münasibətlərinin gücləndirilməsi məsələləri, Azərbaycanda olan inkişaf əsas müzakirə mövzuları olub.