“Əliyevdən Ermənistana şillə kimi cavab”- - Türkiyə mediası

-eliyevden-ermenistana-sille-kimi-cavab-
Oxunma sayı: 9590


Dünən Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammitində çıxış edən Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəni müdafiə edərək həmkarı Sarkisyana qarşı səsləndirdiyi ittihamlar Türkiyə mediasının gündəmini zəbt edib.

 “Qafqazinfo” xəbər verir ki, əksər Türkiyə mediası Əliyevin bu çıxışını və Sarkisyana birbaşa ünvanladığı “Türkiyə burada yoxdur, mən buradayam” ifadələrini manşetə çıxarıb. 

Türkiyənin rəsmi informasiya agentliyi olan “Anadolu” bu xəbəri “Əliyevdən Ərdoğana dəstək” başlığı ilə təqdim edib. 

Ərdoğana yaxınlığı ilə bilinən “Sabah” və “Yenişafak” qəzetləri xəbəri müvafiq olaraq “Əliyevdən Ermənistana şillə kimi cavab” və “Əliyevdən Sarkisyana Türkiyə dərsi”  başlığı ilə veriblər. 

“Ensonhaber” saytı isə xəbəri “Ermənistan prezidentinin gözlərinin içinə baxaraq, Türkiyə burada deyil, mən varam” kimi təqdim edib. Türkiyənin ən çox oxunan xəbər saytlarından olan “Milliyet” isə Əliyevin çıxışını Türkiyəni ittiham edərkən elə bir tənqid eşitdi ki...” manşetə daşıyıb. 

Xatırladaq ki, Türkiyənin Sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti Sammitin plenar iclasının mövzusundan tamamilə kənara çıxaraq qondarma "soyqırımı" məsələsini qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçmişdi.

Prezident Əliyev isə Sarkisyana birbaşa müraciət edərək  “Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!” ifadəsini işlətmiş və Türkiyə-Ermənistan sərhədinin bağlı olmasının səbəbləri, eyni zamanda Ermənistana indiyə nədən heç bir sanksiyanın tətbiq edilməməsi ilə bağlı geniş çıxış etmişdi.