“Fransanın ermənipərəstliyinə təslim oluruq”

-fransanin-ermeniperestliyine-teslim-oluruq
Oxunma sayı: 632

“Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun son açıqlamasında söyləyib ki, Fransanın Minsk Qrupundan geri çağrılması üçün mexanizm yoxdur. Belə çıxır ki, Fransa ömürlük həmsədrlik vəzifəsinə yiyələnib və Paris açıq-aşkar ermənilərin tərəfini tutsa belə, Azərbaycan çarəsizdir. Halbuki, Fransanın məsələsini qaldırmaq üçün ünvanlar var”.
Fransanın həmsədrlikdən geri çağrılması üçün ATƏT-in hazırki sədri İrlandiyaya və Minsk Qrupuna üzv olan 13 dövlətin təmsilçilərinə müraciət edilə biləcəyini dilə gətirən analitik rəsmi Bakının bu istiqamətdə heç bir addım atmadığı düşünmədiyini deyib: “Demək, Fransa Konstutisiya Məhkəməsi Senatın “erməni soyqırımının” inkarına görə hüquqi məsuliyyəti nəzərdə tutan qanuna yaşıl işıq yandırsa belə, rəsmi Bakı bu ölkənin həmsədrliyinin davamı ilə barışacaq. Başqa sözlə Fransanın ermənipərəstliyinə təslim oluruq. Fransanın ermənipərəstliyini həzm etməmiz isə həm Azərbaycanın imicinə mənfi təsir edəcək, həm də Türkiyə ilə münasibətlərə soyuqluq gətirəcək. Belə olan halda dillər əzbəri olan “bir millət, iki dövlət” deyiminin də bir mənası qalmayacaq”.

Elxan Şahinoğlu Bakının hər zaman Ankaradan gözləntiləri olduğunu, qarşı tərəfin gözləntilərinin isə heç də hər zaman diqqətə alınmadığını vurğulayıb: “Bu günlərdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Vaşinqtonda dövlət katibi Hillari Klintonla görüşmüşdü. Davudoğlunun görüşdə nədən Klintonla Qarabağ məsələsini müzakirə etmədiyinə dair yazı oxudum. Məgər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ya digər rəsmilərimiz Vaşinqton, Moskva və ya Brüsseldə həmkarları ilə görüşdə Türkiyənin problemlərini qaldırırlar, bəlkə Ankaranın əsas başağrılarından biri olan Kipr məsələsindən danışırlar? Bu həftə Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan dövlət nazirlərinin görüşü oldu. Türkiyənin dövlət naziri Zəfər Çağlayan rəsmi Bakıya artıq neçənci dəfə çağırış edərək, Azərbaycanın Türkiyə vətəndaşlarına tətbiq etdiyi vizanı ortadan qaldırmağa səslədi. Çağlayan rəsmi Bakıya misal kimi Gürcüstanı göstərdi. Görün nə durumdayıq ki, Gürcüstan Türkiyə-Azərbaycan münasibətlərində nümunə kimi göstərilir. Bu yerdə “Fransadakı qanun məsələsində Azərbaycan Türkiyədən çox iş gördü” deyən Novruz Məmmədova belə bir sualla da müraciət etmək olardı: Rəsmi Bakı Türkiyə ilə viza məsələsini daha neçə il uzatmaq fikrindədir?”