Hansı üzlə deputat olmaq istəyirsən?

-hansi-uzle-deputat-olmaq-isteyirsen
Oxunma sayı: 7609

Seymur Verdizadə

Beş il əvvəlin söhbətidir. Alim dostlarımdan biri ilə şəhərdə gəzərkən diqqətimizi deputatlığa namizədlərdən birinin köhnə beşmərtəbənin uçuq divarına yapışdırdığı şəkil cəlb etmişdi. Həmin namizədin kimliyi ilə maraqlananda məlum olmuşdu ki, Bakının Nərimanov rayonundan deputat seçilmək istəyən bu şəxs Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən elmi tədqiqat institutlarından birində çalışır.

Hər bir insanın, o cümlədən, elm adamının deputat seçilmək hüququ olduğu üçün bu fakt məni təəccübləndirməmişdi. Amma dostum gözlərini bir müddət şəkildən ayıra bilməmişdi. Onun divardakı şəklə diqqətlə baxdığını görəndə, qeyri-ixtiyari olaraq soruşmuşdum: “Bu adamı tanıyırsan?”

Çiyinlərini çəkib, “yox” demişdi. Dərhal da bunları əlavə etmişdi: “Yazdığına görə, bizim institutda işləyir. Amma bayaqdan nə qədər çalışıramsa, yadıma sala bilmirəm”.

Yenə mən soruşmuşdum: “Sizin institutda neçə nəfər işləyir?”

Cavabı belə olmuşdu: “Təxminən 200 nəfər”.

Həmin vaxt ağlımdan yalnız bu sual keçmişdi: “Kiçik bir kollektivdə özünü tanıda bilməyən adam 40-50 min seçicinin səsini necə alacaq?”

Aydın məsələdir ki, alim dostumun iş yoldaşı olan həmin namizəd deputat seçilmədi. Amma mən bu hadisəni tez-tez xatırlayıram. Necə olur ki, işlədiyi kollektivdə iki qəpiklik hörməti olmayan adamlar millətə vəkillik etmək iddiasına düşürlər? Görəsən, insanlar niyə imkanlarından qat-qat böyük iddialara düşürlər?

Deputat olmaq arzusu ilə alışıb-yanan insanlar son günlər sosial şəbəkələrdə əsas söz sahibinə çevriliblər. Virtual aləmdə çoxsaylı vədlər verən, hətta “deputat seçilən” xeyli insan peyda olub. Mən fərdi təşəbbüslərin boğulmasının əleyhinə olduğum üçün heç kimin qərarını təftiş etməyəcəyəm. Amma bir məqama toxunmadan da keçə bilməyəcəyəm. Aylarla nəinki həmyerlilərinin, hətta doğma ata-anasının üzünü görməyən bəzi adamlar indi deputat seçilmək üçün doğulub boya-başa çatdıqları rayonlara üz tuturlar. Başa düşə bilmirəm, camaat onu beş ildən bir yada salan namizədə niyə səs verməlidir? Niyə el-oba, kənd-kəsək, böyüdüyünüz rayon ancaq seçkidən-seçkiyə şirin olur? İmza toplamaq üçün üzə saldığınız sinif yoldaşlarınızın valideynləri öləndə onların dərdinə şərik çıxdınızmı? Ərklə qapısını döydüyünüz, bir gündə beş-altı toyuq-cücəsini həzmi-rabedən keçirdiyiniz dostunuz oğul evləndirəndə, qız köçürəndə onun sevincini bölüşdünüzmü? Ağsaqqal pensiya, işsiz ünvanlı sosial yadım, xəstə pulsuz tibbi yardım ala bilməyəndə köməklərinə çatdınızmı? Nə vaxt bu camaatın xeyir-şərində iştirak edib, sevincini bölüşdünüz, kədərini paylaşdınız ki, indi onlara vəkillik etmək istəyirsiniz? Yarıtmaz idarəçilikdən, məmur özbaşınalığından əziyyət çəkən adamların səsinə nə vaxt səs verdiniz ki, indi onlardan səs tələb edirsiniz?

Siyasətdə az-çox təcrübəsi olan insanları, gəncləri, yaradıcı adamları, jurnalistləri bəlkə də başa düşmək olar. Məni ən şox yandıran cibində mandat gəzdirdiyi halda ötən beş ildə bir dəfə belə seçicilərin görüşünə getməyən adamların yenidən namizədliyini irəli sürməsidir. Görəsən, bu adamlar beş-on gün sonra camaatın qarşısına çıxanda nə deyəcəklər?

Görünür, deputat seçilmək üçün bilik və bacarıqla yanaşı, adamda həm də üz olmalıdır...