Hüseyn Abdullayevə görə "Şeron" "Bandotdel"ə aparılıb? - - Yenilənib+Açıqlama

-huseyn-abdullayeve-gore-quotseronquot-quotbandotdelquote-aparilib-
Oxunma sayı: 4602


Sabiq millət vəkili və bəstəkar Hüseyn Abdullayevin Azərbaycan xalqını mübarizəyə səsləyən “Susma” adlı klipində oxuyan "Şeron" qrupunun üzvləri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Bu barədə Moderator.az saytı xəbər yayıb.

Sayt yazır ki, bu hadisə klipin yayılmasından iki sonra olub və qrup üzvləri polis idarəsində fiziki təzyiqə məruz qalıb, habelə sabiq deputatla əlaqələri barədə sorğu-suala tutulublar.

Onlara həmçinin, Hüseyn Abdullayevdən "uzaq olmaq" tapşırığı verilib.

Bu barədə saytımızı bilgiləndirən mənbə onu da deyib ki, “Şeron“ qrupunun üzvlərinə BMCMİ-yə aparılmalarını gizli saxlamaları barədə ciddi tapşırıq verilib.

Onu da qeyd edək ki, "Susma" klipinin yayılmasından sonra Hüseyn Abdullayevin qohum-qardaşının da təzyiqlərə məruz qalması barədə xəbərlər var. Həmçinin sabiq deputatın ölkədəki əlaqələri araşdırılır.

***

“Hazırda maşındayıq, tədbirə gedirik. Nə kimsə bizi “Bandotdel”ə aparıb, nə də orada döyülmüşük. Heç bu barədə bizə zəng də olunmayıb”.

Bu sözləri APA-ya “Şeron” qrupunun rəhbəri Ülvi Cəfərov qrup üzvlərinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmaları barədə xəbərə münasibət bildirirkən deyib.

 Ü. Cəfərov qeyd edib ki, bu informasiyanı alan şəxslərin xəbəri dəqiqləşdirmək üçün onlarla əlaqə saxlaması daha düzgün olardı: “Belə informasiya almışdılarsa, heç olmasa bizdən soruşaydılar. Xəbəri kim yazıbsa, dayaz düşüncəli adamdır. Belə bir şey yoxdur”.  

 Qeyd edək ki, Hüseyn Abdullayevin “Susma” mahnısını ifa etdiklərinə görə qrup üzvlərinin bu gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması barədə xəbər yayılıb.