İnəyi necə tərbiyə edək?

-ineyi-nece-terbiye-edek
Oxunma sayı: 1298


Yəqin ki, bu xəbəri çoxunuz oxumuş olarsız. Bir gün qabaq Siyəzən rayonunda inək polis idarəsinin qarşısındakı  dekorativ ağac-kolları yeyən zaman “saxlanılıb” və hardasa “qulaqburması” alaraq “həbs olunub.” Yadıma bu yerdə “O, olmasın bu olsun” filmindəki epizod düşür. Bazarda Qoçu Əsgərin  keçisi tacirin kişmişini yeyir, cəzalandırılan və aləmi bir-birənə qatan keçini yəqin ki, xatırlayırsız. 

Elə bu xəbəri oxuyanda da vəziyyətə gülməmək olmur. Məlumata da ad qoyulub “Azərbaycanda görünməmiş hadisə”. Biz nələr görmüşük, nələrə şahid olmuşuq bu harasıdır ki. Əvvəlcə polis idarəsinin həyətində salınmış bahalı bitkilər barədə. Yaxşı olardı ki, hamımız məlumatlanardıq ki, inəyin zərər verdiyi və nəticədə “zəhəri olduğu” bu ağacların qiyməti nə qədərdir. Axı bu ağaclar rayonun park, istirahət guşələri dura-dura niyə polis idarəsinin həyətinə salınıb. Hə, bəzək üçün. Hansı bəzək üçün? Yəni  biçarə acmış inəyin qopardığı yarpaqlar bu qədərmi qiymətlidir? Qiymət o yana qalsın, deyilənə görə inək yazıq vur-tut bir buket yarpağı “aşırıb”. Fərasətli polis onun “nahar”ının qanunsuz olduğunu bildirib, etməyib tənbəllik ona protokol da yazıb. Bunun bir neçə səbəbi var. Polis yaxşı bilib ki, inək yiyəsi axır-əvvəl fırlanıb ora gələcək. Elə gəlib də. İnəyin sahibinə cərimə yazılıb. Yəqin ki, onun üzü də danlanıb, inəyinə tərbiyə verməsi tapşırılıb. Sahibi neyləsin, dilsiz-ağızsız heyvanına yəqin ki, bir neçə sillə vurub, ya da qamçılayıb. Nə bilim, polislərin təzyiqi ilə bəlkə inəyə xəcalət də çəkdirilib. Nə isə olan-olub, nəticədə sahibini dolandıran bu inək bahalı ağacı yerindən qoparmayıb ki, yalnız yarpaqlarını yeyib, bir neçə günə o yarpaqlar yerinə “qayıdacaq” da. Yox məncə məsələdə, inəyin bu qədər tənbeh olunmasında bir məqəm da var. Bahalı ağacı ora əkdirən hər kimdiysə, ona veriləcək hesabat var axı.  Yiyəsi qiymətli ağac- kolunu kimin bu kökə qoyduğunu soruşacaq.

Yaxşı lap deyək ki, dilbilməz inəyin sahibi öz heyvanını başıboş buraxıb və hardasa təqsirlidir, o məsuliyyət daşıyır.  Nəhayətində, ağacın yarpağına insan yox, heyvan zərər verib. Bəs biz biçarələr neyləyək, “hərəyə bir ağac əkək” deyə-deyə kefi istəyən “ikiayaqlı”, pulunu qabaqcadan ödəyib  şəhərin istənilən yerində yarpaq yox e, neçə illik ağacı kökündən qoparır. Meşələrimiz seyrəlib, ağac qıran kim, taxta, mebel istehsal edən kim məlum deyil. Məgər bu ağaclar ağac deyil, ya onun oksigeninə, kölgəsinə möhtac olanlar insan deyil ki?

Bir də polis məmurlarımız, bölgələrdə, yollarda sizin barmaqarası yanaşdığınız avtoşlar qarşısına keçən inəyi ya başqa heyvanı vurub öldürür. Bu heyvan ölür, yiyəsi isə keçindiyi mal-qarasının haqqını belə ala bilmir. Yenə dilbilməz, ağılsız inəkdə təqsir bilinir. “Qarşıma çıxdı, vurub aşırdım”, deyirlər. Bəs bu heyvanların Allahı yoxdur ki? Sabah inəyin qulağının içindən, dırnağının arasından narkotik tapılsa  gərək təəccüblənməyək. Baxmayaraq ki, hərdən inəklər də bihuş edən otlardan yeyib birtəhər olur.

Deyin görək,  bu gün övlada, uşağa tərbiyə verməkdə güclük çəkirik. İnəyə ya başqa ev heyvanını necə tərbiyə edək? Axı insanların hamısı tərbiyəli, ağıllı olsaydı heç polis də olmazdı kı. Vallah da….