“... işlə təmin olunsunlar, yaxşı maaş alsınlar” - - Prezident

-isle-temin-olunsunlar-yaxsi-maas-alsinlar-
Oxunma sayı: 2621


Prezidenti İlham Əliyev sentyabrın 4-də əsaslı şəkildə yenidən qurulmuş Astara Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olub.

"Qafqazinfo" prezidentin rayon ictimaiyyətinin nümayəndələri və xəstəxana kollektivinin qarşısındakı çıxışını təqdim edir:

Biz Rayon Mərkəzi Xəstəxanasının yenidən açılışına toplaşmışıq. Keçən il bu ərazidə görüşmüşdük. O vaxt mərkəzi binanın açılışını qeyd etdik. Sonra da mən fikir verdim ki, bu bina - poliklinika və təcili yardım hissələri təmirsiz qalmışdır. Əlbəttə, bu vəziyyət bizi qane edə bilməzdi. Ona görə göstəriş verilmişdi ki, bu bina da əsaslı şəkildə təmir edilsin.

İndi burada bütün işlər görülüb. Diaqnostika avadanlığı quraşdırılıb. Təcili yardım, poliklinika şöbələri yenidən qurulub. Astarada tibb məsələləri demək olar ki, öz həllini tapmışdır. Yadımdadır, keçən il burada görüşmüşdük. Çox şadam ki, verilən göstərişlər vaxtında icra edilir. Bir il keçəndən sonra artıq biz yenidən burada görüşürük. Hesab edirəm ki, hər bir iş axıra qədər görülməlidir və heç bir iş yarımçıq qala bilməz, xüsusilə, səhiyyə sahəsində. Çünki bu, insanların sağlamlığı ilə bilavasitə bağlı olan sahədir. Azərbaycanda müxtəlif yerlərdə yeni səhiyyə ocaqları açılır. Bu gün Cəlilabadda böyük xəstəxananın açılışını etmişik. Keçən həftə Ağcabədidə böyük xəstəxananın açılışını qeyd etdik, bu gün Astarada. Yəni, hər bir şəhərdə yüksək tibbi xidmət olmalıdır və artıq Astarada da keyfiyyətli müalicə almaq üçün bütün imkanlar vardır. Əsas məsələ ondan ibarətdir ki, vətəndaşlar bu şöbəyə - diaqnostika şöbəsinə vaxtında müraciət etsinlər, müayinədən keçsinlər.

Mənim Astaraya səfərlərim çox olub. Son 10 il ərzində bu, altıncı səfərimdir. Hər dəfə açılışlarda iştirak edirəm, hər dəfə yenilikləri görürəm. Şəhər gözəlləşir, indi Astara müasir şəhərə çevrilibdir. Gözəl binalar tikilir, parklar, xiyabanlar salınır, insanların rahatlığı üçün şərait yaradılır. Kənd yollarının tikintisi məni xüsusilə sevindirir, çünki buna böyük ehtiyac var idi. Xüsusi sərəncamlar əsasında iki böyük layihə icra edilir. Biri icra edilmişdir. Keçən il biz onun açılışını etdik. Digər böyük layihə isə icra edilir. Bu böyük layihələrin icrası nəticəsində demək olar ki, əksər kəndlərə gedən yollar yaxşı vəziyyətdə olacaqdır. Yəni, bu problem Astara rayonunda öz həllini tapacaqdır. Hesab edirəm ki, yaxın aylar ərzində əsas məsələlər həll olunacaq və gələn illərdə qalan kənd yolları da normal vəziyyətə gətiriləcəkdir.

Əvvəlki dövrlərdə rayonda digər infrastruktur layihələri icra edilib. Yadımdadır ki, elektrik stansiyası tikilmişdir. Bu stansiya bu gün bütün zonaya xidmət göstərir. Olimpiya Mərkəzi yaradılmışdır. Keçən il Gənclər evinin açılışını etdik. Yəni, Astarada açılışlar çox olub. Çünki çox iş görülmüşdür. Şadam ki, biz bütün bu işlərin nəticələrini görürük. Əlbəttə ki, gələcəkdə hələ görüləsi işlər çoxdur. Demək olar ki, əsas infrastruktur layihələrinin başa çatması məni sevindirir. Onların içində içməli su layihəsi hələ ki, həll olunmamış qalır, hazırlıq işləri gedir. Güman edirəm ki, yaxın aylarda bu böyük layihə də icra edilməyə başlanacaq və beləliklə, Astara şəhərində içməli su, kanalizasiya problemi tam şəkildə öz həllini tapacaqdır. Ətraf rayonlarda da bu istiqamətdə işlər görülür. Astarada da bu, mütləq baş verməlidir.

Mənə verilən məlumata görə, qazlaşdırma işləri yaxşı gedir. Şəhər tam qazlaşdırılıbdır. Hər mənzildə, hər evdə təbii qaz vardır. Kəndlərdə də vardır. Amma çalışmalıyıq ki, hər bir kənddə təbii qaz olsun. Bu layihə də böyük əhəmiyyət kəsb edir. Yəni, bunlar əsas layihələrdir. İnfrastruktur və sosial obyektlərin yaradılması əsas məsələlərdir. Əlbəttə, bununla paralel olaraq digər məsələlər də öz həllini tapmalıdır. İş yerlərinin açılması, yeni müəssisələrin işə düşməsi. Bu istiqamətdə hələ görüləsi işlər çoxdur ki, vətəndaşlar işlə təmin olunsunlar, yaxşı işləsinlər, yaxşı maaş alsınlar və rahat, firavan yaşasınlar.

Bütün bu işlərin arasında əlbəttə ki, insanların sağlamlığı ön plandadır. Əminəm ki, burada həkimlər xəstələrə yaxşı xidmət göstərirlər. İndi burada quraşdırılan yeni avadanlıqla bu xidmət daha da yüksək olmalıdır. Sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm".