İsmət Abasov Braziliya səfiri ilə görüşüb

-ismet-abasov-braziliya-sefiri-ile-gorusub
Oxunma sayı: 644


“Qafqazinfo” nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi olub.

Nazir İsmət Abasov bildirib ki, coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, Azərbaycan və Braziliya arasında artıq dostluq və əməkdaşlıq münasibətləri təşəkkül tapmış, iki ölkə arasında bir çox sahələrdə anlaşma və səmərəli əməkdaşlıq üçün zəmin yaranıb.

Hər iki ölkənin iqtisadi tərəqqisində neft-qaz sənayesinin böyük rola malik olmasına baxmayaraq, qeyri-neft sektorunda, xüsusilə də kənd təsərrüfatı sahəsində hər iki ölkə böyük ənənəyə malikdir.

Nazir Azərbaycan Respublikası zəngin mədəni və tarixi irsə, güclü iqtisadi potensiala və inkişaf tempinə malik olan Braziliya Federativ Respublikası ilə bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini və Braziliyada da Azərbaycan Səfirliyinin təsis edilməsinin bu önəmin göstəricisi olduğunu nəzərə çatdırıb.

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin hüquqi bazasının yaradılması məqsədilə “Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasının sürətləndirilməsi məsələsi müzakirə olunub.

Braziliya Federativ Respublikasının Azərbaycandakı səfiri cənab Serjio Arruda səmimi qəbula görə öz minnətdarlığını bildirərək, fəaliyyəti dövründə iki ölkə arasında aqrar sahədə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün öz səylərini əsirgəməyəcəyini söyləyib.