KXCP “Gündəm-xəbər”in müdafiəsinə qalxdı

-kxcp-gundem-xeberin-mudafiesine-qalxdi-
Oxunma sayı: 636

KXCP İdarə Heyətinin iclasında “Gündəm-xəbər” qəzetinə olan təzyiqlərlə bağlı məsələ müzakirə olunub və partiya adından bəyanat qəbul edilib. Bəyanatda son günlər ölkədə azad mətbuata qarşı təzyiqlərin yenidən güclənməsi təəssüf hissilə qeyd olunur. Bəyanat müəllifləri “Gündəm- Xəbər” qəzeti və qəzetin təsisçisi Şirin Cəfəri haqqında Respublika Baş Prokurorluğu tərfindən cinayət işi qaldırılmasına etirazlarını bildiriblər. Bəyanatda deyilir: “Cinayət işinin araşdırılması məsələyə aidiyyatı olmayan Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həyata keçirilir. Məsələnin təəssüf doğuran digər tərəfi isə ondan ibarətdir ki, daim öz səhifələrində bir sıra dövlət məmurlarını tənqid edən, ölkədə insan haqları və söz azadlığnın, ictimai vəsaitlərin xərclənməsində şəffaflığın yetərli səviyyədə olmadığını, dövlət vəsaitlərinin bir sıra məmurlar tərəfindən talan edildiyini, korrupsiyanın tüğyan etdiyini qeyd edən qəzet haqqında araşdırmaların aparılması barədə Respublika Prokurorluğuna rəsmi müraciət Mətbuat Şurası tərəfindən təqdim olunub. Azad sözün və jurnalistlərin hüquqlarını qorumalı olan Mətbuat Şurasının dövlət məmurlarının himayəçisi rolunda çıxış etməsi təəssüf və təəccüb doğurur”.
KXCP “Gündəm-xəbər” qəzetinə qarşı olan bu təzyiqləri azad mətbuatı susdurmaq cəhdi kimi qiymətləndirir, qondarma cinayət işinin ləğv edilməsini tələb edir, yerli və beynəlxalq ictimayyəti baş verənlərə qarşı adekvat addım atmağa çağırır.

Fatimə Kərimli