Mehriban Əliyeva Pakistan mediasında

-mehriban-eliyeva-pakistan-mediasinda
Oxunma sayı: 1014


“Qafqazinfo” AzerTac-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunan məqalədə tarixi boyu dünyanı saflaşdırmağa çalışan, başqalarına yol açmaq üçün təşəbbüs göstərən qadınların olduğu, onların yaşadıqları dövrdə mühüm rol oynadıqları vurğulanır. Bildirilir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva cəmiyyətə təsir göstərərək onu müsbətə doğru dəyişdirməyə, insanların qəlblərini fəth etməyə qadir olan xanımlardandır. Müəllif qeyd edir ki, ailə üzvləri - Azərbaycanın tanınmış ziyalıları Mir Cəlal Paşayev, Arif Paşayev və Aida İmanquliyeva hələ uşaqlıq yaşından Mehriban xanıma insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi, millətinə sadiq olmağı öyrətmişlər. Elə ona görədir ki, Mehriban xanım Əliyeva öz həyatını xalqının rifahı, milli və dünya mədəni irsinin inkişafına həsr edib. Pakistanlı jurnalist Farhat Nur Mehriban xanım Əliyevanın Avropanın ən mötəbər mahnı müsabiqəsi olan “Eurovision -2012”-nin keçirilməsinə rəhbərlik etdiyini vurğulayır və bildirir ki, Bakıya gələn çoxsaylı turistlər Azərbaycan xalqının qonaqpərvərliyi ilə yanaşı, yüksək səviyyədə təşkil edilən müsabiqəyə və Bakının gözəlliyinə heyran olmuşlar. “Yenilik yaratmış qadın” məqaləsində Mehriban xanım Əliyevanın Azərbaycan folklorunun və musiqi irsinin inkişafına görə UNESCO-nun, həyatın müxtəlif sahələrində genişmiqyaslı fəaliyyətinə görə isə İSESCO-nun xoşməramlı səfiri titullarına layiq görüldüyü barədə də məlumat verilir. Məqalənin böyük bir hissəsi Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən layihələrdən bəhs edir. Müəllif Azərbaycanın birinci xanımının Pakistandakı humanitar fəaliyyətinin iki qardaş ölkə arasında münasibətlərin daha da güclənməsinə və genişləndirilməsinə xidmət etdiyini vurğulayaraq məlumat verir ki, Mehriban xanım Əliyeva 2012-ci ildə Pakistanda həyata keçirilmiş layihələrə görə bu ölkənin Qadın Könüllülər Təşkilatı və “Daily Times” qəzeti tərəfindən “Humanizm simvolu - 2012-ci ilin adamı” mükafatı ilə təltif olunub.