Mikayıl Cabbarovun testi…

-mikayil-cabbarovun-testi
Oxunma sayı: 5272

Jalə Mütəllimova

Yaşıdım olan adamların çoxu testin birinci, ya da ikinci ilinin uşaqlarıdır. Həm də o fakültələrə qəbul olmuşduq ki, oralar yatanda ancaq yuxumuza filan girə bilərdi. Sözüm ona ki, indi həmin test imtahanın ləğvi məsələsi gündəmə gəlib. Və bu məsələni aktual edən səbəblər da sadalanır. Qeyd olunur ki, uşaqların taleyi ildə bir dəfə üç saat keçirilən imtahanda həll olunmamalıdır.

Eyni zamanda onların nitq qabiliyyətinin, ünsiyyətdə olmaq bacarıqlarının məlum olmadığından narahatlıq vurğulanır. Və bir də hesab edilir ki, imtahanların yazılı götürülməsi ciddi psixoloji problemlərlə də müşahidə olunur. Düz deyirlər. Lap adamın ürəyindən tikan çıxır.

Amma bütün bunları təhsil nazirinin dilindən eşitməyin özü də adamı bir ayrı cür qıcıq edir. Adamlar anlamaq istəmirlər ki, uşaqların taleyini test yox, testə qədər olan məsələlər həll eləyib. İnanmırsınız? Mən deyim siz eşidin. Sonra lap istəsəniz heç razılaşmayın...

Məsələ başlayır sentyabrın 15-dən. Yəni, uşaqlara gündəlik alınmasından. Ötən ilki və bu ilki dərs gündəliklərinin ikisi də birdən satışa çıxartdırlır. Amma xəbərdarlıq edilmir ki, məsələn bu ilki hansıdır, keçən ilki hansı? Və məktəbdə valideynlə müəllim arasında bu məsələ üstündə necə deyərlər Əli-Vəli müsibəti düşür.

Gündəliklər arasında fərq nədir desəniz? Demək olar ki, heç nə. İki-üç səhifə artıqdır 2016-cı il istehsalı ötən ilkindən. Özü də bu o gündəlikdir ki, içində müəllimlər demək olar ki, qiymət yazmırlar. Çünki kimin nə qiymətə, hansı bala layiq olduğu böyük və kiçik summativlərdə bilinir... Bu uşaqları gündəlik dərs hazırlığından yayındırmaqla yanaşı, həm də dərsə olan marağını öldürür. Belə ki, hər şeyin dəyərini bilməkdə maraqlı olan yeniyetmələr həvəsləndirici “dörd”ün, o yaşda ən böyük xoşbəxtlik sayıla biləcək “beş”in, “kafi”ni göstərən "üç"ün, heç nə bilmiri isbatlayan “iki”nin nə demək olduğunu anlaya bilmirlər. Məncə, testin ləğvi məsələsinə qədər bu mövzu üzərində düşünmək daha vacibdir...

Daha sonra, məktəblərdə müəllim məsələsi... Yox müəllimdən kasad deyilik. Ölkədə nəyin qıtlığı olsa da müəllimin bolluğudur. Özü də hansı keyfiyyətdə desəniz müəllim var. Adam döyüb-söyəndən tutmuş, əli öpüləsi pedaqoqa qədər hər kəsə rast gəlirik. Di gəl ki, azı 80%-i qadındır. Kişi müəllimlərin sayı azalıb. Bu da bir az sosial problem göstəricisidir. Çünki kişi müəllim aldığı mavaciblə ailə dolandıra bilməz. Bu arada qısaca deyim ki, indi bizim kənddə də yaxşı fizika müəllimləri məsələn “Krosna” antena qurmaqla daha çox pul qazana bilirlər. O üzdən daha dərs demirlər. Yəni, hər iki məsələ ciddi problemdir. Kişi müəllimlərin qıtlığı da, onların başqa işlə məşğul olması da. O müəllimlərin yenidən məktəbə dönməsinin yollarını düşünmək lazımdır testə gələnəcən...

Bir də onu düşünmək lazımdır ki, orta məktəbdə kişi müəllim qıtlığını qız xislətli oğlanlar formalaşdırır bizim cəmiyyətə. Bu da testəcən üzərində düşünmək tələb edən məsələdir...

Amma hələ son deyil. Məsələn, bir fənndən iki iş dəftəri çap olunub. Üz qabığı boz rəngdə olanı alırsan müəllim deyir yox, gərək qırmızını alaydın...

O biri fənndən yaşıl əvəzinə ağ üzlünü tələb eləyirlər, gedib satışda tapmırsan. Və piştaxta arxasında duran satıcı qımışa-qımışa deyir ki, “abla skladda var, amma bir az baha olacaq, gətirimmi?” Məcbur olub 5 manatlıq kitaba, 15 manat verib alırsan ki, bircə məktəbdə uşağa acıqlanmasın müəllim. Gedib bunu tənzimləmək gərəkdir testəcən...

Bir fənndən bir əsas dərslik, bir köməkçi kitab, bir iş, bir test dəftərini uşağa və valideynə yükləmək olmaz. Bu əlahiddə böyük qüsurdur. Bunu da yoluna qoymağın variantları olmalıdır testəcən...

Bu arada birinci sinif şagirdi bir dənə də olsun rus hərfi tanımadığı halda ona iki bənd şeir, iyirmi yeni söz öyrətmək günahdır, etməyin, testəcən dözə bilmir belə uşaqlar...

Azərbaycan dili əlifbasını bilməyən uşağa ingilis dilində şəkil üzrə danışmaq tapşırmayın, psixoloji travma yaşayır testəcən körpələr...

Testəcən ilin on iki ayı biçarə valideynə nəsə aldırmayın, ayıbdır...

Texnologiyadan iş dəftəri aldırıb, arasının aylarla açılmaması...

İnformatikadan iş dəftərinin vərəqlərinin il boyu şax qalması...

Musiqidən iş dəftərinin ilin axırına qədər təptəzə qalması da var hələ...

Və çözülməsi vacibdir, testəcən...

Bir də şagirdləri repetitor yanına cəlb eləmək üçün dərs keçməyən müəllimlərinizi cəzalandırın lütfən. Çünki hər kəsin 100-150 manatı yoxdur repetitor tutmaq üçün...

Testəcən sizə bir söz də deyim. Bilirsinizmi bütün bunlar nə deməkdir? Vərəği şax qalan kitabları, köməkçi sayılıb amma istifadə olunmayan dərslikləri valideynə aldırmaq insanların cibinə girməkdir. Özü də bu dövlətin adından təhsil sistemində edilən cibgirlikdir. Bir də bu əli əsə-əsə fəhləlik eləyən Məmməd kişinin övladının özü kimi olmaması çabasına tüpürməkdir. Amma yenə də özünüzün yox, dövlətin adından.

Ayrıca söz düşmüşkən “VMA”larınızı da yada salmaqda fayda olar bəlkə. Bilməyənlərə deyim ki, “VMA” məktəb daxili təşkilatdır. Aybaay pul ödəyir valideyn ora. Niyəsini soruşanda məktəbin istilik sistemi yoxdur, elektrik lampaları çatışmır, A4 formatlı çap kağızları lazım olur ala bilmirik, dərs qovluqları olmalıdır, kompüterin "katric"ini doldurmalıyıq deyir müəllimlər, adam susur, utanır və qınaya da bilmir onları. Bu da testəcən üzərində düşünülməli məsələdir...

Hə, bir də milyon manatlıq dövlət əmlakının gecə mühafizəçiliyini edən qarovulçulara belə maaşı da valideynlərin “VMA”ya ödədiyi pulla verir bəzi məktəbləriniz...

Maraqlı olanı bir də bilirsinizmi nədir? Bizim təhsil rüsvayçılığımızı tənzimləmək, özümüzün sistemimizi, qaydalarımızı formalaşdırmaq istəyən yoxdur. Bizə gah ingilis, gah alman, gah nə bilim az qala Banqladeşin təhsil sistemini tətbiq eləmək istəyirlər.

Bura Amerika, Almaniya, İtaliya deyil. Heç Banqladeş də deyil. Bura Azərbaycandır, cənablar. Siz də azərbaycanlı qafası ilə düşünüb bir sistem qurmalısınız. Bu sistem bu millətin xarakterinə, psixologiyasına, həyat tərzinə uyğun olmalıdır. Bizə heç kimin başı lazım deyil. İmkan verin, uşaqlarımız öz başımızla oxuyub kim olduqlarını anlasınlar.

Bura bir ölkədir, heç kimin təcrübə laboratoriyası deyil ki, hər yeni gələn kəşfi üçün təcrübə aparsın. Bu insanlara, dövlətə, həmin adamları təyin edən liderə sayğısızlıqdır.

Və nəhayət üç saatlıq testdə uşaqlarımızın taleyi ona görə tələsik həllini tapır ki, siz onlar haqda qərarı on bir il ərzində verə bilmirsiniz...