Millət vəkili Dünya Siyasət Forumunda çıxış edib

-millet-vekili-dunya-siyaset-forumunda-cixis-edib-
Oxunma sayı: 642

Millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə danışıb. Azərbaycanda qadınlara seçki hüququnun hələ 1918-ci ildə verildiyini qeyd edən Milli Məclisin üzvü Qənirə Paşayeva bununla Azərbaycanın nəinki Şərqdə, həm də dünyanın bir sıra ölkələri ilə müqayisədə qadınlara seçib-seçilmək hüququ verən ilk dövlətlərdən biri olduğunu söyləyib.

Qənirə Paşayeva bildirib ki, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Qadınlar əsasən təhsil, mədəniyyət, səhiyyə və sosial müdafiə kimi sahələrdə üstünlük təşkil edirlər. Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində iştirakı nəzərəçarpacaq dərəcədə artıb. Əgər 2005-ci ildə keçirilmiş seçkilər zamanı qadın deputatların sayı 14 nəfər təşkil etmişdisə, son parlament seçkilərində deputat mandatı alan qadınların sayı 20-ə çatıb.

Qənirə Paşayeva onu da əlavə edib ki, Azərbaycan müsəlman ölkələri arasında qadınların yerli və mərkəzi idarəetmə orqanlarında ən çox təmsil edildiyi ölkədir. Dövlətimizin bu sahədə məqsədyönlü siyasəti nəticəsində bələdiyyələrdə qadınların təmsil olunması 4 faizdən 26,6 faizə, parlamentdə isə 11 faizdən 18 faizə yüksəlib.
Qənirə Paşayeva tədbir iştirakçılarına Azərbaycanda qadın məsələləri ilə bağlı vəziyyətlə də bağlı məlumat verib. Azərbaycanda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət göstərdiyini vurğulayan millət vəkili iqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da qeyd edib.

Millət vəkili bildirib ki, Azərbaycanda dövlət qadın siyasətinin səmərəli həyata keçirilməsi, qadınların ictimai həyatın bütün sahələrində bərabər iştirakının təmin edilməsi məqsədi ilə bir sıra mühüm qanunvericilik aktları, dövlət proqramları qəbul edilib, mövcud qanunvericilik aktlarına dəyişiklik və əlavələr olunub. Bu qanunvericilik aktları arasında “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun mühüm əhəmiyyətə malikdir.

Azərbaycanın məişət zorakılığına, qadınlara qarşı zorakılıqla sərt mübarizə aparan ölkələrdən biri olduğunu qeyd edən Qənirə Paşayeva Azərbaycanda məişət zorakılığına qarşı mübarizə istiqamətində qanunun qəbul edildiyini bildirib.

Millət vəkili eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş qadınlardan, onların fundamental insan haqlarının Ermənistan tərəfindən 20 ildir tapdalanmaqda davam etməsindən də danışıb. Bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm faktlarına, körpə uşaqların qətlə yetirilməsinə, 100 minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.