Nurçuların verdiyi pullar kimə gedir?

-nurcularin-verdiyi-pullar-kime-gedir
Oxunma sayı: 1878


Rəsmi şəkildə nurçu məktəblərinin fəaliyyətinə xitam verilməsə də artıq Təhsil Nazirliyi ilk xəbərdarlığını edib. Belə ki, nazirlik bir müddət öncə Memarlıq və İnşaat Universitetinin yataqxanasını icarə götürən “Damla” rəhbərliyini dövlətə məxsus binadan çıxmaya çağırıb. Səbəb kimi, müqavilə müddətinin bitməsi göstərilsə də ehtimal edilir ki, nazirliyin sərt addımı nurçu qalmaqalı ilə bağlıdır.

Qeyd edək ki, təkcə “Damla” deyil, nurçulara məxsus bu kimi bir neçə təhsil müəssisəsi var ki, dövlət balansında olan müəssisələrdə yerləşir. Onlar rəsmi müqavilə əsasında dövlət binalarını icarəyə götürüb fəaliyyət göstərirlər.

Məsələnin ən maraqlı tərəfi, nurçuların ödədiyi icazə haqlarının kimlərə çatmasıdır? İcarə haqları açıqlanmasa da heç şübhəsiz ki, məbləğ kifayət qədər yüksəkdir.

Universitetlərə məxsus yataqxanalarının icarə haqlarını kim alır?

Təhsil Nazirliyi bununla bağlı AzVision.az-ın sorğusuna rəsmi cavab verib.

Nazirlikdən bildiriblər ki, ali təhsil müəssisələrində tələbə yataqxanaları həmin müəssisələrin balansında olduğundan, eyni zamanda dövlət əmlakı hesab edildiyindən onların icarəyə verilməsi və illik icarə haqqının müəyyənləşdirilməsi təhsil müəssisəsi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanda bir neçə universitetin yataqxanaları müqavilə əsasında icarəyə verilib. O cümlədən Memarlıq və İnşaat Universitetinin yataqxanası nurçular tərəfindən icarəyə götürülərək “Damla” yataqxanası adı ilə fəaliyyət göstərirdi. Ölkədə baş qaldıran nurçu qalmaqalından sonra Təhsil Nazirliyi yataqxana rəhbərliyinə xəbərdarlıq edərək binanın boşaldılmasını tələb etmişdi.

Eləcə də Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yataqxanası “Araz” kursları tərəfindən icarəyə götürülmüşdü. Zaqatalada zəlzələ olan zaman AMİ-nin binası zədələnmişdi və buna görə rektor Aqiyə Naxçıvanlı kurs rəhbərliyidən yataqxanın boşaldılmasını tələb etmişdi.