Qarabağ müharibəsindən bəhs edən “Sonuncu ay işığı”

-qarabag-muharibesinden-behs-eden-sonuncu-ay-isigi
Oxunma sayı: 3295

“Qafqazinfo”nun məlumatına görə, romanda gənclik illəri birinci Qarabağ müharibəsi zamanına təsadüf edən və bu müharibənin içində gələcəyini də, ümidini də, sevgisini də, ozünü də belə itirən və ancaq intiqam almaq üçün yaşayan gənclərin taleyindən bəhs edilir. Ancaq intiqam almaq üçün yaşayanların, intiqamı həyatının mənasına çevirənlərin intiqamı isə ağır olur...


Romandan kiçik bir hissəni təqdim edirik:


... Qarşıdan hırıldaşma səsi gəlirdi. Rövşən balaca yarıqlardan boylana-boylana lap yaxına gəldi. İndi ermənilərlə arasında 15-20 metr məsafə ancaq olardı. Ermənicə danışdıqlarından heç nə başa düşmürdü. Hamısı burda olsaydı, nə vardı ki, verərdi hamısını avtomatın ağzına... Amma əclaflar növbə ilə otururdular ocağın yanında. Bir qrupu mağara tunellərində onları axtaranda, o biri qrupu dincəlirdi. Gözləmək lazım idi ki, ikisi də bir yerdə olanda atəş açsın. Yoxsa... Qorxurdu, bilərlər hardadılar. Sonra ona bir şey ola, qız keçə ələ. Elə eləməliydi ki, hamısını bir yerdə tutsun. Heç birinə imkan verməsin aradan çıxmağa... Ocağın yanında əyləşən yekəqarın erməni qalxıb öz dilində danışa-danışa qaranlıq küncə tərəf çəkildi. Sonra əlində futbol topuna bənzər nə isə götürüb geri qayıtdı, əlindəkini qaldırıb ocağın üstünə tutdu. Yenə öz dilində nəsə dedi. Ocaq başındakılar gülüşdülər. Bir az da yaxınlaşıb diqqətlə baxanda, gördüyü mənzərədən, az qaldı Rövşənin ürəyi ağzına gəlsin. Erməni əlində Orxanın başını tutmuşdu. Saçları, kirpikləri ütülsə də, yara-yara, çapıq-çapıq olan qanlı sifəti, ocağın alov dilimlərindən bir az da tanınmaz hala düşsə də, Rövşən tanıdı Orxanı. Gözlərindən, baxışlarından. Orxan ona baxırdı. Düz ona!.. Açıq qalan gözlərində qəribə bir sevinc vardı. Nəyə sevinmişdi son anda Orxan?! İndi bir özü bilirdi, bir də onun alnına bu cür ölməyi yazan Tanrısı... Rövşən gözlərini yumub, hardasa qabırğalarının altından, içindən qalxan söymək, bağıra-bağıra söymək, bu it uşaqlarını avtomatın qabağına vermək istəyini boğmağa çalışdı. Dişlərini bir-birinə sıxdı!.. İçindən qalxan titrəmə bütün bədəninə yayıldı, əlləri, ayaqları əsməyə başladı. Dişləri bir-birinə dəydi, şıqqıltısını özü də eşidirdi. Amma yox, bu titrəmə nə soyuqdan idi, nə də qorxudan, bu titrəmə... Bu titrəmə indicə bitəcəkdi. Rövşən bunu son anda başa düşdü, yarıqdan atılıb ermənilərlə üz-üzə çıxanda. - Sizin ananızı!!!... - Bağırtısının dalınca açılan avtomatın güllə yağışı deyəsən “surpriz” oldu onlar üçün. Gözləmirdilər bunu. Müqavimət göstərməyə də macal tapmadılar. Kökündən baltalanan ağaclar kimi yan-yana töküldülər. Yekəqarın erməni isə qarnı üstə ocağın üstünə yıxıldı. Orxanın başı onun əlindən düşüb dığırlana-dığırlana Rövşənin ayaqlarına toxunub dayandı. Əyilib qaldırdı başı. Diqqətlə Orxanın gözlərinə baxdı. Başa düşmək istəyirdi, nəyə sevinmişdi Orxan?.. Ölümünə?.. Hə, ölümünə sevinmişdi Orxan. Hər şeyin bitdiyinə. Bu dünyanın yüklərindən, ağrılarından azad olmağa sevinmişdi. Son anda ruhu sevinib tərk eləmişdi Orxanın bədənini. Bəlkə də bu mağarada dolaşırdı Orxanın ruhu. Arzunu görəcəkdi yenə. Yenə ruhu ilə sevəcəkdi Arzunu... Ufff!.. Dünya, dünya... Bu mağara kimi bir şeydi dünya da. Girdinmi, çıxışları bağlandımı, vəssalam. Ölsən də qalacaqsan. Yoxdu çıxış yolu. Yoxdu!.. Ocağın yanındakı tərpəniş Rövşəni fikirdən ayırdı. Avtomatı qaldırıb hazır dayandı. Yekəqarın erməni, yanırdı ocağın üstündə, iyi bürümüşdü aləmi. Piyi əriyib ocağa yayıldıqca alov daha da yüksəlirdi. Amma girişə yaxın biri sağ qalmışdı. Yavaş-yavaş divarın yanındakı avtomata tərəf sürünürdü. Cəld sicrayıb onun qarşısına keçdi. Erməni alnına dirənən avtomat lüləsini görən kimi, sifətini qaldırdı: - Öldürmə məni! - Təmiz Azərbaycan dilində danışırdı, - Tələsmə! Öldürmə! Rövşən aşağı çöməlib baxışlarını erməninin gözlərinin içinədikdi: - Nəyə görə?! Sən belə lazımsan mənə? - Sən... Əgər sən özün, yaşamaq istəyirsənsə onda öldürmə məni. - Və əvəzində sən mənə həyat bəxş edəcəksən! Eləmi?.. - Bəli - erməni cavab verdi - Mən bilirəm ki, sən tək deyilsən. Səninlə bir yerdə bir qız da var. Onu da çıxartmaq istəyirsən. Əgər məni öldürməsən, sizi labirintdən keçirərəm. - Nədən? - Rövşən erməninin nə dediyini anlamadı. - Mən konslagerdən cixara bilərəm sizi, - erməni cavab verdi. - Nə konslager?! - Rövşən avtomatın lüləsi ilə ermənini alnından itələdi, - Mənə bu mağaradan çıxmaq lazımdı! - Sən heç təsəvvür də eləmirsən ki, indi hardasan... - Başa düşmədim?!. - Konslager, - erməni bir az da dikəldi - bura konslagerdi. İnanmırsan? Mən doğrudan deyirəm. Niyə aldadım ki, səni. İstəyirsən, bir yerdə gedək özün bax... - Hara?.. - Lagerə. - Hansı lagerə?! - Labirintin ortasındakı lagerə. - Yalandı. Mən öz qulağımla eşitdim. Rus vardı aranızda. O, deyirdi ki, əgər bizi, yəni məni tapmasaz burdan çıxa bilməyəcəksiniz. Özünüz məni axtarırdınız, burdan çıxmaq üçün. İndi mənə təklif eləyirsən ki, çıxarım səni burdan. Özü də burda lager, filan ola bilməz. Sağ qalmaq istəyirsənsə, bir az da real şeylərdən danış. Məsələn neçə nəfərsiz?.. Erməni Rövşənə yazığı gəlirmiş kimi gülümsündü: - Beş yüz nəfər. Güllən də çatmaz. O ki, qaldı rusa... O rus aşağıdakı kəndə hücumda BMP-si vurulan mexanikdi. Komandiri yanib, o isə sağ qalmışdı. Lap uşaq idi. Ona görə də düşüb bizim uşaqların dalına. Biz ona ozümüz demədik lager barədə. Bu lager barədə çox az adam bilir. Çox az... - Siz bura dünən gəlmisiz. Nə tez yarandı o lager?!. - Biz burda dörd ildi varıq. Bura özü isə hələ 41-ci ildən yaradılıb. Almanların Qafqaza yaxınlaşdığı vaxt Stalinin əmri ilə ordu kəşfiyyatı yaradıb bunları bir neçə yerdə. Gələcəkdə almanlar tutsalar, ya türklər soxulsalar Qafqazda onların arxasında partizan muharibəsi aparmaq üçün. Tam məxfi şəkildə yaradılıb bu obyektlər. Heç o vaxtkı Azərbaycanın rəhbərlərinin də xəbəri olmayıb. SSRİ ordu kəşfiyyatının QRU- nun obyekti olub bura uzun müddət, sonra isə QRU verib buraları bizim kəşfiyyata. - Niyə? - Elə həmin məqsəd üçün - partizan müharibəsi... Amma Azərbaycana qarşı... - Azərbaycan ərazisindəki obyekti QRU ermənilərə necə verə bilərdi? - Gördüyün kimi verib də. Biz 89-cu ildən bəri buradan baza kimi istifadə edirdik. Sonradan həm də lager kimi istifadə etməyə başladılar. QRU obyekti olduğuna görə Azərbaycanda bunlar barədə heç kəs bilmir. Bu sirr idi. Heç KQB-də bilmirdi... - Erməni Rövşənin üzünə baxdı, - Deyəsən inanmırsan. Gedək göstərim sənə. - Dediyin düz olmasa, yerində gülləyəcəm səni! - Bəs olsa onda necə?.. - Erməni dişlərini ağartdı. - Onda da güllələyəcəm!.. - Güllələməyəcəksən - erməni arxayın-arxayın dedi - yalvaracaqsan mənə ki, çıxarım səni burdan... - Uf, nə sırtıq adamsan! Hələki sən mənə yalvarırsan! Haçan mən sənə yalvarsam, bu barədə onda danışarsan! Qalx!.. - Rövşən avtomatın lüləsi ilə erməninin alnını itələyib ayağa qalxdı. Erməni əlini yerə dirəyib yavaş-yavaş dikəldi. Böyründən yapışıb, üz-gözünü turşutdu. - Erməni qan görüb?! - Rövşən soruşdu. - Nə olub, bir balaca sivrilib də... - Bərk incidir. - Erməni dedi. - Cəhənnəmə incitsin, düş qabağa!.. *** ... İrəlilədikcə bir-birini əvəz edən döngələrin sayı artır, tunellər daha da daralırdı. Rövşən getdikləri yolu yadında saxlamağa çalışsa da, təkbaşına geri qayıda biləcəyinə inanmırdı. Bura doğrudan da, labirint idi. Əməlli başlı... Bir saatdan artıq davam edən yol boyu Rövşən erməni ilə, əməlli başlı tanış da olmuşdu. Adı Samvel olan 35 yaşlı bu adam Gəncədə dünyaya göz açıb elə orda da, azərbaycanlıların arasında böyümüşdü. Sonradan Ermənistana köçən Samveli özünün dediyinə görə müharibəyə zorla gətirmişdilər. Ona isə kömək eləməkdə yeganə məqsədi sağ qalmaq idı. - Çatırıq uje, - deyib Samvel əlini qabağa uzatdı. - Bu tunel birbaşa lagerə çıxır. KPP -yə. Bu biri yolu isə az adam bilir. Bundan yuxarı çıxanda, lager əl içi kimi görünür... Gəl, - deyib Samvel qabaqdan sola buruldu. Bir neçə yüz metri dolanbac dar tunellə yuxarı qalxdılar. Qarşıdan səslər eşidilməyə başlayanda, Rövşən avtomatı qaldırıb qulaq verdi. - Qorxma - Erməni dedi, - Onlar bizi görməyəcəklər. Bu döngəni də dönüb çıxırıq lagerin üstünə. Dəhşətdi! Sən belə şeyi kinoda da görə bilməzsən. Gəl, gəl, görəcəksən. Bunu gərək özün görəsən! Səslər indi aydın eşidilirdi. Qarmaqarışıq kişi, qadın səsləri. Qarşıdan işıq göründü. - Çatdıq - Samvel dedi. Əlini irəli uzatdı. - Bu da lager!.. Rövşən irəli yeriyib qarşısında açılan işıqlı genişliyə çıxdı. Gözlərinə düşən gur işıqda əvvəl-əvvəl heç nə seçə bilmədi. Gözlərini ovuşdurub bir də baxdı. Düz qarşısında, böyük, çox böyük, işıqlı bir boşluq vardı. Mağaranın tavanına bərkidilən yüzlərlə iri projektorun işığı bütün ətrafı nura qərq eləmişdi. - İrəli get. - Arxadan erməninin səsi eşidildi, - Bir az da get qabağa, bax aşağı. Amma aşağı uzan! Sürünə-sürünə get!.. Rövşən bir neçə addım atıb, uzandı. Sürünə-sürünə üstündə dayandığı qayanın lap küncünə qədər gəldi. Aşağı - işıqlı, geniş, dərinliyə boylandı. İlahi, bu nə idi?!. Yəqin cəhənnəm belə olur. İblisin yuvası!.. Bura başqa ad vermək olmazdı. İnsan təxəyyülünün gücü çatmazdı belə bir şey yaratmağa. İnsan əlləri qura bilməzdi bunu!.. Rövşən donub qalmışdı. Gördüklərinin reallığına, mövcudluğuna hələ tam inana bilmirdi. Beyni inkar eləyirdi gözlərinin təsdiqlədiyini! Epizodlar partlayış kimi fikirlərinin nizamını poza-poza yaddaşına həkk olunmaqdaydı... 14-15 yaşlı qızcığaz, çığıra-çığıra, çırpına-çırpına əzabdan xilas olmağa çalışır... qan ətrafa çırtlayır, gülən, şən görünən iri cüssəli erməninin üzünə çilənir... O isə üz gözünü qırmızıya boyayan qan ləkələrini barmağıyla sivirib, həvəslə yalayır... o yanda 24-25 yaşlı bir gəlin vurnuxur. Arıq, sarışın, eynəkli bir zabit ona yaxınlaşır, bıçağı gəlinin azca şişən qarnının üstündə ehtiyatla bir neçə dəfə sürüşdürür, sonra!.. ağ dəridə qırmızı şırım açılır və bunun ardınca da, qırmızı qan içində olan, hələ dünyaya gəlməmiş balaca, çox balaca körpə bayıra atılıb sarışın zabitin ayaqları altına düşür... Sarışın zabit gülümsəyir. Gəlin isə, artıq susub. Başı çiyninə düşüb, ağzından və düz göbəyinin üstündən açılan şırımdan qan süzülür... Zabit çirkli əski parçasıyla ayaqlarının altındakı hələ tərpəşən, nə olduğunu, rahat ana bətnindən, bu cəhənnəmin içinə birdən-birə niyə düşdüyünü anlamaq gücündə olmayan körpəni qaldırıb yaxınlıqdakı böyük ocağın içinə atır... Körpə alovların içində yoxa çıxır... Rövşən baxırdı. Heykəl kimi, səssiz-səmirsiz. Gördüyü dəhşət, gözlərini də dondurmuşdu. Şüşə kimi soyuq gözlərində, aşağıda yanan ocaqların, yuxarıdan asılan projektorların işığı bərq vururdu... Yüzlərlə işıq, yüzlərlə insan, yüzlərlə ərşə dikələn əzab ahı!.. - İnandın? - Samvelin bir az qorxaq, bir az narahat səsi Rövşəni yuxudan ayıltdı elə bil. Geri çevrildi. Samveli hədəqəsindən çıxan gözləriylə başdan-ayağa süzdü. Elə bil inanmaq istəmirdi ki, Samvel burdadı, gözünün qabağında, realdı, ona toxuna bilər, onu öldürə bilər... - Elə baxma, - Samvel çəkinə-çəkinə dedi. Başıyla aşağı işarə elədi. - mən onların işinə heç vaxt qarışmamışam. Mən həkiməm. Burda balaca bir hospital var, orda işləyirəm... Doğrudan deyirəm, mən heç vaxt belə şey eləməmişəm. İnanmırsan?! - Samvel qorxa-qorxa gözlərini Rövşənin avtomatın tətiyi üstündə titrəyən barmağına dikdi - Nəyə istəyirsən and içim!.. Mənim bircə istəyim var, burdan çıxaq vəssalam. Bezmişəm. Çıxıb getmək istəyirəm!.. Öldürmə məni, mən səni burdan çıxarım, sən də... - Samvel titrəməyə başladı. Sözünün dalını gətirə bilmədi. Kəkələyə-kəkələyə, əlini irəli uzadıb ovcunu avtomatın lüləsinə dirədi. Sanki, güllənin qabağını alacaqdı - Vur...ma... Rövşən avtomatı aşağı salıb heysiz-hərəkətsiz, nəm daşların üstünə uzandı. Özünə gələ bilmirdi hələ. Hələ olanları qavraya, başa düşə bilmirdi. Doğrudanmı, bu o idi, beləcə uzanıb gözlərini dikmişdi bu mağaranın kələ-kötür tavanına və bir az aralıda da cəhənnəm öz işindəydi... Bəlkə xəbəri yoxdu, ölübdü artıq, düşüb cəhənnəmə... Tanrıya təpik atmağının nəticəsi də bu gördükləridi?..