Qocalar sıradan çıxarılır

-qocalar-siradan-cixarilir
Oxunma sayı: 2059

 

Azər Qismət

“Utanmır, qoca kişidir, uşaqlıq edir”. Azərbaycanda belə söhbətləri tez-tez eşitmək mümkündür. Hər gün, hər saat. Bizim ölkədə qocalmısansa, sən ancaq gənclərə nəsihət verə bilərsən, daha qızılgül alıb hansısa qadına təqdim etmək saçına-saqqalına yaraşmır. Qoca sosial şəbəkəyə daxil olub sevgidən status yaza bilməz, özünün lirik-romantik hisslərini ifadə etmək onun ağarmış saçına yaraşmaz, toy-şənliklərdə hoppanıb düşmək onluq deyil, ancaq qol götürüb ağır-ağır süzə bilər. Qoca - sosial şəbəkəyə ancaq o halda girə bilər ki, mütləq cavanlara nümunə olmalıdır, özü də statuslarında emosiyalarını hiss etdirməmək şərtilə. Onun barəsində üzdə heç nə deməsələr də, arxasınca çox sözlər eşidəcəksiniz: “Qocalığında hərifləyib”, yaxud “qocalığında yorğalayıb”.

Qoca kişilərlə yanaşı, yaşlı qadınlar da cəmiyyətin çoxsaylı ittihamlarından özünü qorumalıdır. O, dodaq boyasında solğun rənglərdən istifadə etməli, güllü-güllü donlar geyinməməli, çöldə-bayırda əks cinsin nümayəndələri ilə danışığında ağırlığı gözləməlidir. Azərbaycanda 50 yaşın tamam oldusa, özünü ağır aparmalısan. Və bu yaşa çatmısansa, deməli, qara halqanın içinə girməlisən.

Qocaların işləyərək fəaliyyət göstərməsi də söhbətlərdə müzakirəyə çevrilir. Az olubmu ki, bu sözləri eşidək: “Qoca kişidir, vəzifədən əl çəkmir ki, yerinə cavan gəlsin”. Yaxud, “gedib nəvələrini başına yığmaq, bulvarda nərd oynamaq əvəzinə, gəlib burda biz gənclərə məsləhət verir, yerimizi dar edir”. Bununla da, çoxumuza elə gəlir ki, qocalar daha bu cəmiyyətə yaramır. Onlar texniki yeniliklərdən geri qalır, verilən tapşırığı çətinliklə yerinə yetirir, kollektivə pozitiv əhval-ruhiyyə bəxş etmir. Gənclər onların yanında deyib-gülə bilmir, iş görərkən çoxsaylı məsləhətlərindən bezirlər.

Əslində isə qocaların süni şəkildə cəmiyyətin sıralarından çıxarılması təkcə bizim ölkədə mövcud deyil. Bəzi Şərq ölkələrində də belə tendensiya mövcuddur. Avropa ölkələrində, eləcə də ABŞ-ın özündə isə bu mövzu tam əksinə qoyulub: “İnsan ölənə qədər cəmiyyət üçün yararlıdır”. O ölkələrdə qocalar təqaüdə çıxandan sonra paraşütlə göydən yerə tullana, üstəlik, sosial şəbəkələrdə cəmiyyəti narahat edən məsələlərə öz prizmalarından şərh də verə bilər. ABŞ-ın CNN teleşirkətinin aparıcısı Lari Kinq çox qocadır. Hətta, onun danışığındakı əsmələri də müşahidə etmək mümkündür. Kamera yaxından çəksə bəlkə əllərinin əsməsini də görə bilərik. O, isə hələ də veriliş aparır. Qonaqları - ölkənin dövlət başçısından tutmuş, aktyorlara, hətta, pişik saxlayan adamlara qədərdir. Onların telekanallarında hava haqqında xəbərləri gombul qocadan tutmuş zənci qadının aparıcılığı ilə efirə verilə bilər. Və heç kim onları “qaralayıb” demir ki, təqaüdə çıxmalısan, get, bulvarda domino oyna. Onların canında hələ də işləmək gücü var, üstəlik tamaşaçıların sevimlisidirlər. Azərbaycanda isə çox az sayda yaşlı insanın aparıcılıq etməsini görərsiniz. Yalnız cavanlar efirə çıxmalıdır. ANS-də “Sabiranə” verilişi yadınızdadırmı? Gənc Rövşanə Bektaşi ilə yaşlı diktor Sabir Ələsəgərov efirə çıxanda çoxları ağız büzdü: “Qoca kişi cavan qızla veriliş aparır”. Bizim ölkədə qoca jurnalistin verilişə aparıcılıq etməsinə bir neçə halda pis baxılmır: Siyasi verilişə aparıcılıq etməli və uşaq verilişlərinə çıxıb nəsihətlər verməlidir.

ABŞ-da isə Mərkəzi Kəşfiyyat İdarəsindən tutmuş Federal Təhqiqatlar Bürosuna qədər qocaların əməyindən, ağlından istifadə olunur. Onlar o qədər özlərini inamlı və gənc hiss edir ki, hətta, ictimai nəqliyyatda ayağa qalxıb onlara yer verənlərə həqarətlə baxıb qışqırırlar: “Məgər, mən qocayam?”.

Ona görə də, diqqətlə fikir versəniz görərsiniz ki, Avropanın çoxömürlüsü ilə Azərbaycanın uzunömürlüsü arasında kəskin fərq var: onların 100 yaşı keçən qocası bizim ahıllardan qıvraqdır. Çünki, bizim qocaların alnına vaxtından əvvəl “yararsız” damğası vurulur, 50 yaşından sonra “özünü ağır apar” ittihamı sifətinə çırpılır. Məhz, psixoloqlar xüsusi ilə vurğulayırlar ki, qocaların vaxtından əvvəl qara siyahıya salınması onların ən ülvi hisslərini daxillərində gizlətmələrinə gətirib çıxarır. Onlar cəmiyyətin sərt mühakiməsi ilə daxildən qocalırlar. Halbuki, onlar hər zaman yararlıdır. Yetər ki, cəhd göstərib yararlanasan.

Hər bir idarədə, hər bir müəssisədə onların ağlından, təcrübəsindən istifadə edilə bilər. Yazının sonunda sizə Mavritaniya xalqının bir qədim tapmacasını verim: Uzağa top atın. Bir qocaya və bir uşağa o topu gətirməyi tapşırın. Sizcə, iki nəfərdən hansı topu birinci gətirəcək? Bilirəm, çoxlarınız deyəcək ki, bunu uşaq edəcək. Axı, o enerjilidir. Amma məsələ burasındadır ki, topu qoca tez gətirəcək. Təsəvvür edin: uşaq topun ardınca gedərkən yolda atılıb-düşür, mayallaq aşır, bununla da məqsəddən qismən uzaqlaşır. Qoca isə asta-asta addımlarla öz məqsədinə doğru - düz topun yanına gedir, onu götürərək geri dönür, qalib olur. Çünki, o, məqsəddən kənar düşünmür, vaxtın qızıl olmasını bilir.

Beləliklə, vaxtı qızıl bilən qocalarımızı tez sındırmayaq. Onlar da gənclərə qoşulub sevinmək istəyirlər. Və onların da bu cəmiyyətə yararlı olmaq haqları çatır.