Rəqsanə qədər də olmadıq...

-reqsane-qeder-de-olmadiq
Oxunma sayı: 3276


Bilirəm, bugünki söhbətimiz bazar gününün ruhuna uyğun deyil. Elə mən özüm də istirahət günlərində insanların qanını qaraltmağın əleyhinəyəm. Amma elə həqiqətlər var ki, onlardan qaçmaq mümkün deyil.

Son illər insanlar ən səfeh xəstəliklərdən dünyalarını dəyişsələr də, həyat davam edir. Biz yaşlandıqca övladlarımız da böyüyürlər, yaşlarının üstünə yaş gəlir. Buna görə də bir sual dost-tanışın dilindən düşmür: uşaqlar necə oxuyurlar? Bu sahədə ciddi bir sıxıntı olmadığı üçün həvəslə cavab veririk. Aydın məsələdir ki, jurnalistin dostu bir sualla kifayətlənə bilməz. Buna görə də növbəti suallar gəlir: hansı sahəyə maraq göstərirlər? Onlar da jurnalist olmaq istəyirlərmi?

Digər həmkarlarımı deyə bilmərəm, amma mən bu suala cavab verməyə həmişə çətinlik çəkmişəm. Övladlarımın jurnalistikaya xüsusi maraq göstərdiyini söyləyə bilmərəm. Halbuki mən onların vicdanlı qələm adamı olmağını çox istəyirəm. Amma istəmirəm ki, övladlarım da mənim yaşadığım sıxıntıları yaşasınlar. Axı, mən atayam...

Əvvəllər atalar çalışırdı ki, övladları onların yolunu davam etdirsinlər. Bu məsələdə elm adamları, yaradıcı insanlar daha çox canfəşanlıq göstərirdilər. Kim istəməzdi ki, övladları sovet hökumətinin verdiyi imtiyazlardan geninə-boluna yararlansın? Əgər Yusif, Vaqif, Anar, Elçin bir tikə çörəyə möhtac olsaydılar, yaxud məktəbə yamaqlı şalvarda, cırıq ayaqqabıda getsəydilər, atalarının yazı masasına gözlərinin ucu ilə də baxmazdılar. Anar orta məktəbdə oxuyanda SSRİ-nin ən gözəl şəhərlərini gəzib-dolaşmışdı. Yusif, Vaqif uşaq olanda Mircəfər Bağırovun övladlarından pis yaşamayıblar. Sinif yoldaşları həmişə Elçinin əyin-başına həsəd aparıblar. İndiki yazıçıların övladları isə təzə paltara, isti çəkməyə aylarla həsrət qalırlar. Buna görə də tanıdığım şairlərin heç biri övladlarının qafiyə axtarmağını arzulamır. Şeirin insanı şirə döndərdiyi dövr çoxdan arxada qalıb.

Elm adamları isə övladlarının alim olmağını istəmirlər. Hansı ata oğlunun ömrünün sonuna kimi 400-500 manata yaşamağına razı olar? Hətta onlar övladlarının özlərinin çalışdığı ali məktəblərdə təhsil almağını da istəmirlər. Tanıdığım alimlərin əksəriyyətinin uşaqları xaricdə oxuyur. Söz düşəndə alim dostlarım başlarını bulayıb, belə deyirlər: “Uşaqlar mənim yolumu davam etdirmək istəmirlər”. Bilirəm ki, üzdə belə desələr də, daxilən sevinirlər. Ayağı ayağına dolaşan futbolçu alimdən beş dəfə çox maaş alırsa, bu adamları qınamaq doğru deyil.

Amma elə peşə sahibləri də var ki, övladları həvəslə onların yolunu davam etdirirlər. Hətta uşaqlar istəməsələr də, valideynləri onları buna məcbur edirlər. Yusif Mustafayevin oğlunu müğənni etmək üçün necə dəridən-qabıqdan çıxdığını öz gözlərimlə görmüşəm. Yusif müəllimin dəvət aldığı televiziya verilişlərinə oğlu ilə birlikdə getməsi də bunu sübut edir. O cümlədən, Aygün Kazımovanın qızı da anasının yolu ilə gedir. Rəqsanənin qızı Aysun isə bu gün-sabah populyar müğənni kimi qarşımıza çıxacaq. Son vaxtlar saytlar anasından çox ona yer ayırırlar. İndi belə çıxır ki, biz Rəqsanə qədər də olmadıq...

Hansısa kifir müğənninin Azərbaycan cəmiyyətinin etalonuna çevrilməsinin səbəbləri çoxdur. Bu vəziyyətin yaranmasında hakimiyyətlə yanaşı, xalq da məsuliyyət daşıyır. Çünki oğlunun toyunda beş-altı mahnı oxumaq üçün Rəqsanəyə 5-6 min manatı Cem, Sem deyil, Əhməd, Məmməd verir. Uşaqlar da bunu gördükləri üçün kitab əvəzinə mahnı oxumağa can atırlar...