“Rixos Quba Azerbaijan” otelinin açılışı olub- - Fotolar

-rixos-quba-azerbaijan-otelinin-acilisi-olub-
Oxunma sayı: 3511


“Qafqazinfo” xəbər verir ki, Avropa və Asiya arasında körpü rolu oynayan Azərbaycanda iqtisadiyyat, idman, mədəniyyət, incəsənət və digər sahələrdə əldə olunan yüksək nailiyyətlər xarici iş adamları ilə yanaşı, turistlərin də ölkəmizə marağını artırıb. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmizdə turizmin inkişafı istiqamətində mühüm layihələrin icrası da buna əlverişli zəmin yaradır. Bu baxımdan Azərbaycanda otel biznesinin daha da inkişafı üçün kompleks tədbirlər reallaşdırılır. Bu otellərdə müştərilərə yüksək səviyyəli xidmətlər göstərilir.

Ölkəmizdə bu cür komplekslərin sayının çoxalması Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də respublikamıza gələn turistlərin sayının artmasına zəmin yaradır. “Rixos Quba Azerbaycan” oteli təkcə Quba rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. Otel mükəmməl infrastruktura malikdir.

Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib.

“Rixos Quba Azerbaycan” oteli Qudyalçayın sahilində inşa olunub. Yüksək keyfiyyətli müxtəlif xidmətlərin göstəriləcəyi otel kompleksi maraqlı memarlıq üslubunda tikilmişdir. Avanqard və modern memarlıq üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Turistlərin Heydər Əliyev Beynəlxalq Aeroportundan “Rixos Quba Azerbaijan” otelinə çatdırılması üçün özəl VİP servis və helikopter xidməti göstəriləcək.

Prezident İlham Əliyev komplekslə tanış olub. Bildirildi ki, otel kompleksi yeddimərtəbəli əsas binadan, 16 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsində və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 210 hektar ərazini əhatə edir. Oteldə tennis kortu, voleybol, basketbol, mini futbol sahələri də yaradılmışdır. Villalar 7 otaqdan ibarətdir. Bundan əlavə, sauna, masaj otağı, idman salonu, ev kinoteatrı, istirahət otağı, terraslar və digər xidmət infrastrukturu müştərilərin ixtiyarına veriləcək.

Kompleksə xüsusi gözəllik verən qolf sahəsinin ərazisi 68 hektardır. Burada Azərbaycanda ilk və yeganə qolf kursları təşkil olunacaqdır. Kanat yolu ilə qonaqlar üçün xüsusi dağ gəzintisi xidmətləri göstəriləcəkdir. Kompleksin ərazisi tam abadlaşdırılmışdır. “Rixos Quba Azerbaycan” otelində 300-dən çox daimi iş yerinin açılması nəzərdə tutulur.

Komplekslə tanışlıqdan sonra dövlətimizin başçısı otelin kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.