Rövnəq Abdullayev “Paşasığorta”ya qarşı

-rovneq-abdullayev-pasasigortaya-qarsi
Oxunma sayı: 2635



Azərbaycan Dövlət Neft Şirkəti və onun rəhbəri Rövnəq Abdullayev «Paşasığorta» sığorta agentliyinə «üsyan»etdi. Dövlət şirkəti sığorta agentliyi ilə arada yaranmış problem səbəbindən işçilərini özəl klinikalarda deyil, zavodların daxilində heç bir şəraiti olmayan tibb məntəqələrində müayinədən keçməyə məcbur edir.

”Qafqazinfo” xəbər verir ki, bu barədə mia.az-a ARDNŞ-dən daxil olan məlumata görə, Dövlət Neft Şirkəti və onun tabeliyində olan bütün müəssisələrin əməkdaşları bir neçə il əvvəl «Paşasığorta» şirkətində 50 min manat dəyərində sığortalanıblar: «Lakin sonradan tərəflər arasında müqavilə öhdəlikləri ilə bağlı çoxsaylı problemlər yarandı. ARDNŞ rəhbərliyi isə nüfuzlu şəxslərə bağlı olan sığorta şirkətinin «kaprizləri»nə etiraz olaraq, müqaviləni bir neçə dəfə dayandırmaq da istəyib. Lakin Rövnəq Abdullayevin öz iradəsindən kənar «məsələ»lər buna imkan verməyib. Ancaq ARDNŞ rəhbərliyi hazırda öz əməkdaşlarını şirkətin daxilindəki tibb məntəqələrində tibbi müayinədən keçirməyə başlamaqla, sığorta şirkətinə əlavə qazanc verməməklə, etirazlarını göstərmiş olurlar. Bu isə neft və qaz təsərrüfatı sahəsində çalışanların kəskin narazılığı ilə qarşılanıb».

Mia.az-ın xəbərinə görə, ARDNŞ son 1 həftə ərzində bütün işçilərini tibbi komissiyaya göndərir: «Komissiya isə hər hansı bir tibb müəssisəsində deyil, «Azərneftyağ» və Neft Emalı zavodlarının tibb məntəqəsində yerləşdirilib. Digər xəstəxana və ya özəl klinikalarda müayinədən keçən işçilərin arayışları isə rəhbərlik tərəfindən rədd olunur. İşçilər isə 6 otaqdan ibarət bu məntəqələrdə saatlarla növbə gözləməkdən təngə gəliblər. Üstəlik, məntəqələrdə 60-cı illərin texniki avadanlıqları da düzgün müayinəyə imkan vermir. Buna görər işçilər sığorta olunmalarına rəğmən, nədən bu məntəqələrdə müayinədən keçmələrinin səbəbini soruşurlar. Rəhbərlik isə «Paşasığorta» ilə bağlı əlavə söhbətlərin çıxmaması üçün müxtəlif bəhanələrlə suallardan yayınırlar. Amma faktiki məsələ budur ki, sığorta şirkəti ilə anlaşılmazlıq yaranıb».

Məsələ ilə bağlı tərəflərin rəsmi mövqeyin də verə bilərik.