Rusiya bu işə qarışmasaydı…

-rusiya-bu-ise-qarismasaydi
Oxunma sayı: 2548

İlqar Altay

Erməni ictimaiyyətinin bu günlər, Rusiyaya qarşı kütləvi etiraz aksiyaları və Rusiyanın təşkil etdiyi dövlətlərarası birliklərdən çıxma çağırışları arxasında Ermənistan dövlətinin məqsədli siyasətinin dayandığı aydın görünür. Yoxsa, indiyədək 5-10 nəfərin toplanışını zorakılıqla dağıdan hökumət, belə kütləvi aksiyalara, özü də Rusiyaya qarşı qəti imkan verməzdi.

Bu etirazlarını da Rusiyanın ermənilərə 2-5 aprel 2016-da Azərbaycan tərəfinin Qarabağ təmas xəttindəki sarsıdıcı əks-həmləsi zamanı heç dəstək verməməsi ilə əlaqələndirmələrinə inanmaq sadəlöhvlük olar. Hamı yaxşı bilir ki, Rusiya, Kreml bu işə qarışmasaydı, Azərbaycan ordusu bir-neçə gün ərzində Qarabağı tam azad edirdi. Rusiya KİV-ləri və siyasiləri bu müddətdə birmənalı ermənipərəst mövqe sərgilədilər. Ermənistandakı Rusiya hərbi bazaları həmin zamanda yüksək döyüş vəziyyətinə gətirildilər.

Rusiyanın Azərbaycana silah satması da bəhanədir ermənilər üçün. Rusiya daim Azərbaycana və hər bir pulunu ödəyən ölkəyə silah satıb. Ermənistana isə, silahları həmişə pulsuz verib. Bundan başqa, Azərbaycan həmin böyük pullarla başqa ölkələrdən də silahlar ala bilər və alır. Bəs, nədir ermənilərin dərdi? Nədir, son atəşkəs razılaşmasına görə Rusiyaya minnətdar olmaq əvəzində, etirazlar səsləndirməyin səbəbi?

Səbəb çox sadə və bu saat dəbdə olandır: siçovullar batan gəmini tələsik tərk edirlər! Söhbət Rusiyanın imperiya mərkəzi və ümumiyyətlə dünya güc-qütb mərkəzi olaraq zəifləməsi və hər cəhətdən çökməsindən gedir. Bu saat Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (Şərqin NATO-su) üzrə ən yaxın müttəfiqləri olan Qazaxstan və Belarusiyanın ayaqları qaçaraqdadır.

Üstəlik, indiki dövrdə regionda Rusiyaya qarşı ugurlu bir əks-qütb yaratmış Türkiyənin yanında olmağa cəhd edirlər. Təsəvvür edin ki, İstanbulda islam dövlətləri başçılarının sammitinə müsəlman Qazaxstan lideri Nazarbayevlə birlikdə pravoslav-xristian Belarusiya rəhbəri Lukaşenko da qatılır, Ərdoğanla böyük strateji planlar qurmaqla, Rusiyaya qarşı açıq demarş sərgiləyir.

Ermənilər də Rusiya ilə birliyin perspektivinin olmadığını və bu davamda hələ xeyli gecikdiklərini görüb hərəkətə keçiblər. Buna səbəb-bəhanə kimi 2-5 aprel hadislərindən yararlanmaq və təcili, batan Rusiya gəmisindən qaçmağa qərar veriblər. Bundan sonra onların üz tutacağı yer təbii ki, Qərb, Avropa olacaq. Ancaq, Qərbin bundan sonra Ermənistanı qəbul etməsi də asan keçməyəcək və keçsə belə, onu ikinci sort, başıaşağı ölkə kimi qəbul edəcəklər.

Niyə? Çünki, Ermənistanın illərlə Rusiyanın əlində marionetka olması, Kremlin bütün aqressiv hərəkətlərini müzakirəsiz dəstəkləməsi, Rusiyanın yaratdığı bütün birliklərə qoşulması, Nikaraqua kimi düşük ölkəyə qoşulub Krımı Rusiya ərazisi kimi tanıması və sair, Qərbdə, Avropada heç kəsin gözündən yayınmayıb.

Rusiyanın Azərbaycana və bütün Cənubi Qafqaza təzyiq üçün yaratdığı Qarabağ problemində Ermənistanın illərlə vasitə olması da ona çox baha başa gəlir. Buna görə o bütün region ölkələrinin, onu əhatə edən 150 milyondan çox türkmillətli xalqların və çoxmilyardlı islam dünyası ölkələrinin gözündən düşüb. Ən pisi də odur ki, havadarına arxalanıb oğurlamaq istədiyi Qarabağı və digər Azərbaycan ərazilərini bu illərdə dünyaya tanıtdıra-özününküləşdirə bilməyib, biabırçılı vəziyyətdə tərk etməyə məcburdur.

Bu günkü Ermənistan və Qarabağətrafı qaranlıq prosesləri, Ermənistanın yaxın müttəfiqləri ilə ziddiyyətli münasibətlərini, dünyanın Ermənistana mənfi baxışını və bununla əlaqədar, ümumən ermənilərin qanqaraçılığını, hətta tanınmış erməni ekspertlərin Ermənistanın silinib yox olmaq məglubiyyəti kimi bədbin proqnozlarını dərindən müşahidə etdikdə bu ölkənin dərin bir bataqlığa, çökəyə, quyuya düşdüyü aydın olur. Əbəs yerə deyilməyib: "Özgəsinə quyu qazan, özü düşər!", "Gen qaz, dərin qaz, axırda özün düşərsən!".