Tut ağacının altından görünən Bakı

-tut-agacinin-altindan-gorunen-baki-
Oxunma sayı: 2223

 

Sovet dövründə Bakı çoxmillətli şəhər olub, müxtəlif millətlərin nümayəndələri bu şəhərdə əmniyyət içində yaşayıblar və şəhərin ruhuna ekzotik elementlər əlavə ediblər. İndi Bakı meqapolis şəhərə çevrilib, amma mən köhnə Bakı üçün çox darıxıram və bu nostalji son dərəcə təbiidir. Çünki mənim uşaqlığım Bakı kəndində keçib, o kəndin dənizi, çay daşından hörülmüş alçaq hasarları, həsir oturacaqları, yelləncəkləri, qumsallıq, əncir, üzüm bağları üçün burnumun ucu göynəyir. Ən çox da məhləmizdəki qollu-budaqlı, iri tut ağacı tez-tez yuxularıma gəlir. Hər dəfə Aygün Bəylərin ifasında “Tut ağacı” mahnısı səslənəndə uşaqlığım kino lenti kimi gözümün önündən keçir. Xatırladım ki, o mahnının klipi bizim kənddə, Buzovnada çəkilib. 

Yadıma gəlir, sübhün alatoranında yuxudan oyanıb tut ağacının başına çıxırdım, acqarına doyunca tut yeyib aşağı enirdim. İndinin özündə də o ağacın gövdəsindəki ayaq yerlərini xatırlayıram,o yerlərə ayağını qoyub çox rahatlıqla ağacın kəlləsinə çıxmaq olurdu. Tut ağacı mənim üçün bizim kəndin simvoludur, bu ağac haqqında ayrıca bir hekayə də yazmışam, “Fironun dəftəri” romanında onunla bağlı geniş təsvirlər var. Yay gecələrində məhlə camaatı o ağacın altına yığılırdı, samovar qaynadırdılar, nərd atırdılar, söhbət gecədən keçənə qədər uzanırdı. Bu ağacın altında o qədər maraqlı əhvalatlar baş verirdi ki, hər biri bir hekayənin mövzusudur. O tut ağacının altı mənim üçün dünyanın ən işıqlı parçası olaraq qalır, harda olsam da o ağacın işığı mənim içimdədir. O retrospektiv məkanda namaz qılan qocalara bənzəyən kirli neft mancanaqları da, qumlu sahil də, sahildəki yorğun gəmi də, tut ağacı da bir bütöv halındadır. Sanki ağ-qara ekranda köhnə filmi seyr edirsən. Zaman məni o məkandan uzaqlaşdırdıqca həmin görüntülər rəngsiz bir hüzn yaradır. Bu məkanın mənim üçün ayrıca bir geoloji qatı var, bura sanki Anubisin keşik çəkdiyi yeraltı labirintdir və Mark Tvenin Tom Soyyeri kimi heç bu labirintdən çıxmaq istəmirsən.  

Mən Bakını idealizə etmək fikrindən uzağam və hermetik düşüncəyə malik bir insan deyiləm. Bu gün ölkənin baş kəndi olan Bakının bütün bəşəri dəyərləri özündə birləşdirməsi, Şərqlə Qərbin sintezini yaradan zahiri görünüşü dünya mədəniyyətinin bir parçası olmaq baxımından çox sevindiricidir. Amma biz dünənimizin, keçmişimizin də üzünə pərdə çəkməli deyilik. Köhnə Bakı indi “Sovetski”, “Zavağzalnı” deyilən yerlərin dar küçələrinə, bir az da İçərişəhərin daş döşənmiş yollarına sığınıb. Qara Şəhər də daha Ağ şəhərə çevrilib. Nəinki şəhərdə, heç kəndin özündə də daha uzundimdik kepka qoyan kişilərə rast gəlməzsən. Tarix Bakının kəndlərində sanki son günlərini yaşayır.  

Bu yazıda Bakının unudulmuş keçmişinə bir addım da olsa yaxınlaşmaq istədim. O keçmişdə mənim ömrümün bir parçası qalıb və hələ də qos-qoca zamana öc verməyən qədim-qayım tut ağacı qalıb. Günü sabah gedəcəm kəndə və gecəni o tut ağacının altında keçirəcəm. Mən kənddən çıxandan o məhlədə çoxu dünyasını dəyişib, amma Kamil əmi qalır, Qasıməli dayı yaşayır,Sahib, Azad, Əziz, Rafiq, Ələkbər axşamlar o ağacın altına yığılırlar. Amma bilirəm, tut ağacı məndən küsüb, budaqlarına əlim çatmayacaq...