“Uzunluğu 6974,9 kilometrdir...” - Cavid Qurbanov

-uzunlugu-69749-kilometrdir
Oxunma sayı: 2528



«Son 10 il ərzində yol infrastrukturunun inkişafı istiqamətində çox böyük işlər görülüb. Həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə həyata keçirilən işlərin həcmi ildən-ilə artıb. Belə ki, son 10 il ərzində ümumi istifadədə olan avtomobil yollarında tikilən, yenidən qurulan, əsaslı və orta təmir olunan yolların uzunluğu 6974,9 km olub. Bu dövrdə 207 ədəd yeni körpü tikilib». 


“Qafqazinfo” xəbər verir ki, bu fikirləri yap.org.az saytına «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov deyib. C.Qurbanov bildirib ki, ölkənin ümumi istifadədə olan 18994 kilometr avtomobil yolunun 17521 kilometrinə Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xidmət göstərilir. Onun 4366 kilometri respublika əhəmiyyətli, 13155 kilometri yerli əhəmiyyətlidir. Bu yollarda ümumi sayı 1285-a yaxın 46578 poqon metr uzunluğunda körpülər var. Bakı şəhəri ərazisində olan yollar, prospektlər və küçələrin ümumi uzunluğu isə 1552 km təşkil edir. «Bu gün qürur hissi ilə deyə bilərik ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən diqqət və qaygı nəqliyyat sektorunun dinamik inkişafı üçün böyük imkanlar yaradıb. “Gələcəkdə tranzit ölkə kimi bizim bölgədəki və dünyadakı mövqelərimiz daha da güclənəcəkdir". Ölkə başçısının bu kəlamları ölkədə nəqliyyat sisteminə necə böyük diqqət göstərdiyinin bariz nümunəsidir. Bu gün nəqliyyat infrastukturunun mühüm tərkib hissəsi olan avtomobil yolları şəbəkəsi yüksələn xətlə inkişaf edir. Bu sahədə çox böyük işlər görülür”.