1 milyon mənimsəyən Mendeleyevə 10 il cəza istənildi

1-milyon-menimseyen-mendeleyeve-10-il-ceza-istenildi
Oxunma sayı: 1042

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Feliks Mendeleyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək F.Mendeleyin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Proses martın 6-da davam etdiriləcək.

İttihama görə, Özbəkistanda anadan olmuş, Azərbaycan vətəndaşı F.Mendeleyev Litvada qeydiyyatdan keçirilən “Sepra İnvest Ltd” şirkətinin direktoru olub. 

İş üzrə zərərçəkmiş Qulu Quliyev oğluna xaricdə mənzil almaq istəyib və F.Mendeleyev ona öz şirkəti vasitəsilə xarici ölkələrə investisiya qoyaraq yaxşı gəlir əldə edə biləcəyini təklif edib. Q.Quliyev də onunla razılaşıb. F.Mendeleyev Avtraliyada yerləşən 3 şirkətin adından Q.Quliyevlə ingilis dilində müqavilə imzalayıb və ondan ümumilikdə 982 min 833 manat alaraq bu şirkətlərin hesabına köçürüb. Daha sonra həmin pulları Sinqapurda yerləşən digər şirkətlərin bank hesabına köçürüb və bir hissəsi ilə isə ABŞ-ın Nyu-York şəhərində yerləşən binadan 7 otaq satın alaraq icarəyə verib. Bir neçə ay sonra isə Q.Quliyevlə müqavilə imzalayan şirkətləri müflis elan edərək öhdəliklərin icrasından yayınıb.

F.Mendeleyev bundan başqa həmin dövr ərzində Q.Quliyevlə “Monte Kristo” şadlıq sarayında görüşərək bir neçə dəfəyə dələduzluq yolu ilə 54 min 500 manat pul alaraq mənimsəyib.

Təqsirləndirilən F.Mendeleyev həbs edilməyib, barəsində başqa yerə getməmək barəsdə iltizam qətimkan tədbiri seçilib.

Murad Əhməd