“1 şagird:1 kompüter” müsabiqəsi elan edilib

1-sagird1-komputer-musabiqesi-elan-edilib
Oxunma sayı: 652

“Qafqazinfo”nun məlumatına görə, müsabiqənin məqsədi informasiya-kommunikasiya texnologiyalarına (İKT) əsaslanan fərdiləşmiş təhsilin formalaşması, eləcə də “1 şagird:1 kompüter” layihəsi çərçivəsində netbukların daha səmərəli istifadəsinə hazır olan müəllimlərin və məktəblərin seçilməsidir.
İki mərhələdə keçiriləcək müsabiqə üzrə qaydalar www.musabiqe.edu.az ünvanında yerləşdirilib. Təqdim edilmiş layihələrin qiymətləndirmə meyarları bunlardır: layihənin tədris məqsədləri üçün praktik əhəmiyyəti, metodiki baxımdan işlənmə səviyyəsi, materialların texniki-texnoloji cəhətdən rahat, aydın və anlaşıqlı təsviridir.
Müsabiqədə iştirak etmək istəyənlər fevralın 8-dək layihələrini təqdim edə bilərlər.
Qeyd edək ki, müsabiqədə qalib gəlmiş müəllimlərin bir sinfinin şagird kollektivinə netbuklar təqdim olunacaq. Hər bir qalib müəllim tədris etdiyi sinifdə şagirdlərin sayı qədər netbuklar əldə edəcək.
Məktəblərə netbukların verilməsinin müsabiqə formatına keçirilməsi Azərbaycanın təhsil sistemində ilk təcrübədir. Bu format “1 şagird:1 kompüter” layihəsi çərçivəsində texnologiyalara daha böyük maraq göstərən təhsil müəssisəsinə netbukların verilməsini nəzərdə tutur və müəllimlərin İKT biliklərinin tədris prosesində istifadəsi üçün motivasiyalaşdırır.
Nigar Məmmədli