10 illik həbs, vəkillər şikayətçidir

10-illik-hebs-vekiller-sikayetcidir
Oxunma sayı: 1002


Məktubda bildirilir ki, hakim Nazim Quliyev sədrliyi ilə keçirilən məhkəmə prosesində Aftandil Ağayev barəsində ittihamedici hökm çıxarılıb: 

"Hökm açıq-aşkar qanunsuz və ədalətsiz olduğundan, iş üzrə apellyasiya şikayəti verilib. Güman etmək olardı ki, Apellyasiya Məhkəməsi müdafiəçisi olduğum şəxsin barədə yol verilmiş haqsızlığı aradan qaldıracaq, onun pozulmuş hüquqlarını bərpa edəcəkdir. Lakin bu belə olmadı, məhkəmə apellyasiya şikayətini təmin etmədi. Həm birinci instansiya məhkəməsinin, həm də Apellyasiya Məhkəməsinin qərarını ədalətsiz və qanunsuz hesab edirəm. İstintaqın gəldiyi nəticəyə görə, Aftandil Ağayev tamah niyyəti üzündən qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı ilə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən narkotik vasitə hesab edilən təmiz çəkisi 1042,6 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroin əldə edib özündə saxlayaraq daşımış və həmin narkotik vasitə olan heroin 05 avqust 2012-ci il tarixdə, saat 10 radələrində Cəlilabad şəhəri, «Rizvan» Şirkətinə məxsus olan bazarda etibarnamə əsasında şəxsi istifadəsində olan VAZ-21214 markalı, 10 FC 221 dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin yük yerindən aşkar olunaraq götürülməsində təqsirli bilinir. İstintaqın gəldiyi nəticəyə əsasən, bu hərəkətləri ilə o, CM-nin 234.4.3.-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədib. Hörmətli Ali Məhkəmənin hakimləri! Məhkəmə iclasında dindirilən bütün şahidlər, o cümlədən də hal şahidləri göstərdilər ki, Aftandil Ağayevin avtomobilinin yük yerindən həmin narkotik vasitə aşkar edilərkən o şoka düşüb, həmin narkotik vasitənin ona məxsus olmadığını, ondan xəbəri olmadığını bildirib. Aftandil Ağayevin həmin narkotik vasitə ilə heç bir əlaqəsi yoxdur, ondan xəbəri belə olmayıb. Hesab edirəm ki, hüquqlarını müdafiə etdiyim şəxsə verilmiş ittiham üzrə ibtidai istintaq zamanı, istərsə də məhkəmə iclasında ona sübuta yetirilməyib. Narkotik vasitənin onun avtomaşınından tapıldığını Aftandil Ağayevin özü də təsdiq edir. Lakin həmin narkotik vasitənin kimə məxsus olması, yaxud kim və ya kimlər tərəfindən və nə məqsədlə avtomobilinə qoyulması müəyyənləşdirilməyib. Məhkəmə tərəfindən məhkəmə iclasının gedişində toplanmış sübutlar, yəni təqsirləndirilən şəxsin ifadəsi və digər hallar sübut növü kimi qəbul edilməyib, əsassız olaraq şahidlərin ibtidai istintaqda verdikləri ifadələri sübut növü kimi qəbul olunub ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən də Aftandil Ağayev barəsində bəraət hökmü çıxarılmalıdır".