100 ölkə arasında 58-ciyik

100-olke-arasinda-58-ciyik
Oxunma sayı: 669

23 yanvar 2013-cü ildə bütün dünyada Açıq Büdcə İndeksinin nəticələri açıqlandı. Azərbaycan indeks üzrə 100 mümkün baldan 42 bal toplayaraq qiymətləndirmədə iştirak edən 100 ölkə arasında 58-ci yerdə qərarlaşıb. Bu nəticəyə əsasən Azərbaycan höküməti dövlət büdcəsi ilə bağlı əsas sənədləri ictimaiyyət üçün yalnız qismən açır və cəmiyyətə limitli informasiya ötürür. Qeyd edək ki, “Açıq büdcə İndeksi 2010”da Azərbaycan 100 mümkün baldan 43 bal toplayaraq 94 ölkə arasında 52-ci yeri tutmuşdu. Yəni indeks üzrə ölkəmizin topladığı balda cəmi 1 bal azalma qeydə alınıb. Ümumiyyətlə qiymətləndirilən 100 ölkədən 77-də büdcə şəffaflığının baza standartları belə tam təmin olunmur. Açıq Büdcə İndeksi (Open Budget Index) xüsusi sorğu vasitəsilə ölkələrin büdcə prosesinin şəffaflığını və əsas büdcə sənədlərinin əlçatanlığını ümumi şəkildə ölçməyə və digərləri ilə müqayisə etməyə imkan verən indeksdir. Bu indeks bütün dünyada büdcə şəffaflığının və hesabatlılığının bütün dünyada tam müstəqil ekspertlər tərəfindən qiymətləndirildiyi yeganə müqayisəli və müntəzəm indeksdir. İndeks ABŞ-ın Beynəlxalq Büdcə Tərəfdaşlığı (International Budget Partnership) təşkilatı tərəfindən hazırlanır və indeks hesablanarkənAçıq Büdcə Sorğusunun sualları əsas götürülür. Açıq Büdcə Sorğusu (Open Budget Survey) dünyanın 100 ölkəsində büdcə şəffaflığını, iştirakçılığı və büdcəyə effektiv nəzarətin vəziyyətini öyrənən sorğu alətidir. Sorğu 125 sualdan ibarətdir və onu tərəfdaş ölkələrdə müstəqil araşdırmaçılar tərtib edir. Bu suallardan 95-i hökümətin büdcə prosesinin müxtəlif mərhələlərində açıqlamalı olduğu 8 əsas büdcə sənədinin (büdcəöncəsi bəyanat, hökümətin büdcə layihəsi, təsdiqlənmiş büdcə, vətəndaş büdcəsi, aylıq və ya rüblük hesabatlar, yarımillik hesabat, illik yekun hesabat, audit hesabatı) ictimaiyyətə açıqlığı və əhatəliliyi ilə birbaşa olaraq bağlıdır. Qalan 30 sual isə büdcə prosesində ictimai iştirakçılıq imkanları, habelə qanunverici orqanın və ali audit qurumunun büdcənin formalşması və büdcəyə nəzarət mərhələsində oynadığı rolla əlaqəlidir. Sorğu hansısa ekspertin fikrini deyil, büdcə şəffaflığı, hesabatlılığı və iştirakçılığı ilə bağlı açıq müşahidə oluna bilən faktların ölçülməsini əhatə edir. İndeksin hesablanması və sorğunun doldurulmasında Azərbaycan tərəfdən yerli tərəfdaş Milli Büdcə Qrupunun üzvü olan İctimai Vəsaitin Monitorinqi Mərkəzi və aparıcı iqtisadçı Kənan Aslanlı olmuşdur. Tədqiqat əsasən 2011-ci ilin dekabrına qədər büdcə prosesində və büdcə sistemində olan dəyişiklikləri əhatə etmişdir. Hesabatda Azərbaycan hökümətinin vacib büdcə sənədləri olan “büdcəöncəsi bəyanat” və “vətəndaş büdcəsi”ni hazırlayıb yaymaması, büdcənin icrası ilə bağlı hesabatların və digər büdcə sənədlərinin əhatəli olmaması, habelə qanunverici orqanın və Hesablama Palatasının büdcə prosesi üzərində ciddi nəzarət qura bilməməsi xüsusilə vurğulanır.