105 aztəminatlı ailə “Özünədəstək” layihəsinə cəlb olundu

105-azteminatli-aile-ozunedestek-layihesine-celb-olundu
Oxunma sayı: 641

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iyulun 24-də Ağcabədi rayonunda 60, Ağdam, Fizuli və Beyləqan rayonlarının hər birində isə 15 ailə olmaqla, ümumilikdə 105 ailə ilə bu proqrama cəlb olunmaları üçün “Sosial müqavilə”lər imzalanıb və onlara müvafiq bildirişlər paylanıb.

Bununla bağlı olaraq, Ağcabədi rayonunda keçirilən tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev aztəminatlı ailənin ünvanlı yardımdan asılılığının aradan qaldırılmasının, öz potensialını reallaşdırmaq və gəlirlərini artırmaq üçün belə ailəyə müvafiq şəraitin yaradılmasının hazırda mühüm prioritetlərdən olduğunu deyib.

Artıq bu sahədə ölkəmizdə müsbət təcrübənin formalaşmaqda olduğunu qeyd edən Asəf Əliyev bildirib ki, ötən ilin martında Tovuz rayonunun cəbhəyanı Vahidli kəndində sınaq işlərinə başlanılan proqram ötən müddətdə Masallı, Xaçmaz, İsmayıllı, Ağstafa, Qazax, Tovuz, Daşkəsən, Bakının Nizami rayonlarında, Sumqayıt şəhərində icra olunub. Nazirlik yanında fəaliyyət göstərən, ixtisaslaşmış QHT-lərin təmsil olunduğu İctimai Şuranın üzvləri bu proqrama cəlb olunan ailələrin seçilməsində fəal iştirak edirlər.

Bütün ölkədə tətbiq olunacağı nəzərdə tutulan “Özünədəstək” proqramıaztəminatlı ailələrin daimi məşğulluğuna, onların təsərrüfatlarının inkişafına şərait yaradır. Proqram şəxsi yardımçı təsərrüfatlarını inkişaf etdirmək istəyən aztəminatlı ailələrə bir il ərzində ala biləcəkləri ünvanlı sosial yardımın məbləğinin qabaqcadan birdəfəlik formada ödənilməsini nəzərdə tutur.

“Özünədəstək” proqramına cəlb olunan ailələrlə keçirilən görüşlərdə həmin ailələrə bu proqramın yaratdığı imkanlardan səmərəli şəkildə yararlanaraq, öz təsərrüfatlarını inkişaf etdirmək tövsiyə olunub, onlara proqramın xüsusiyyətləri, proqrama cəlb olunmaq üçün ailə planının hazırlanması və s. barədə izahatlar verilib.

Qeyd olunub ki, bundan sonra da dövlət aztəminatlı ailələrə bu istiqamətdə lazımi dəstəyi verəcəkdir və ailə təsərrüfatını inkişaf etdirmək, özünütəminetmə imkanlarını artırmaq üçün müvafiq potensialları olan hər bir aztəminatlı ailəyə dəstək veriləcəkdir. Proqrama cəlb edilən aztəminatlı ailələrin nümayəndələri belə aktiv sosial müdafiə tədbirlərini möhtərəm dövlət başçısının aztəminatlı vətəndaşlara diqqət və qayğısının daha bir əməli ifadəsi olduğunu bildiriblər.