11-ci mərtəbəyə liftsiz qalxırlar - Şəhərcikdə problem

11-ci-mertebeye-liftsiz-qalxirlar
Oxunma sayı: 1967

Jurnalist Səbuhi Məmmədli “AKKORD” Şirkətlər Qrupunun inşa etdiyi binalardakı şəraitdən şikayətçi olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, S. Məmmədli özünün feysbuk hesabında bu barədə məlumat paylaşaraq bildirib ki, şirkətin tikintisini həyata keçirdiyi Abşeron Gənclər Şəhərciyindəki 27-ci blokda lift işləmir: “Bir gün kimsə burada ürək tutmasından öləcək. İnsanlar hər gün bir neçə dəfə əlində ağır yük 11-ci mərtəbəyə qədər qalxır. Blokun içində zibildən tərpənmək olmur. Abşeron rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Məmmədov şəxsən deyir ki, bu şəhərciyə görə cavabdeh deyilik.

Xəstə, qoca, qucaqlarda uşaqlar, əllərdə ağır torbalar, bir gün kiminsə ürəyi dayanacaq hündür mərtəbəyə çıxarkən.

“AKKORD” qulaqardına vurub, yerli JEK-in vecinə deyil. Azərbaycanda bir yaşayış bloku aksiyaya başlayacaq 2 günə lift düzəlməsə. Bunu yerli icra orqanı da bilsin, yerli polis də”. 

Qeyd edək ki, bu şəhərcikdə işıqların tez-tez kəsilməsi, suyun verilməsində problemlər olması və digər məsələlərlə bağlı mütəmadi olaraq sakinlər tərəfindən şikayətlər işıqlandırılsa da, öz həlli tapmır. Həmçinin şəhərcikdə yerləşən binaların hamısı qazla təmin edilməyib.