11-ci siniflər buraxılış imtahanı verdi

11-ci-sinifler-buraxilis-imtahani-verdi
Oxunma sayı: 1049

Dövlət İmtahan Mərkəzi bu gün 29 şəhər və rayonda 11-ci sinif şagirdləri üçün imtahanlar keçirib.

“Qafqazinfo” DİM-ə istinadən xəbər verir ki, imtahanlar müxtəlif təyinatlı məktəblərdə - internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə də təşkil edilib.

Gözdən əlil və eşitmə əngəlli olan 52 abituriyent də imtahan verib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, hər bir iştirakçının ehtiyacına uyğun tədbirlər görülməklə müxtəlif kitabçalar hazırlanıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.

İmtahanlarda orta ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan 22748 şagirdin iştirakı nəzərdə tutulmuşdu.

Qeyd edək ki, aprelin 22-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yay qəbul imtahanları keçirilənədək elan olunması nəzərdə tutulur.