“11 sentyabrdı bir evli qadını sevmək”

11-sentyabrdi-bir-evli-qadini-sevmek
Oxunma sayı: 3136












səni düşünmək istəmirəm


raki içəcəyəm hər axşam
veyil-veyil gəzəcəyəm küçələri
əldən salacağam gecələri
vecimə olmayacaq heç nə
heç sən də
kor dalanlarda
daş divarlara
iri hərflərlə yazacağam
səni düşünmək istəmirəm

sulu qəlyan çəkəcəyəm
siqar çəkəcəyəm
yoxluğunu içimə çəkib
dərd çəkəcəyəm
səninlə bağlı hər şeyin üstündən
çarpaz xətt çəkəcəyəm
bilsəm ki əgər cavab verəcəksən
hər gün hər gecə
lazım olsa lap saatda yüz kərə
sənə zəng edəcəyəm
və təkrar-təkrar deyəcəyəm
səni düşünmək istəmirəm

rəsmini böyüdüb
otağımın divarından asacağam
hər gecə evə qayıdanda
hər səhər yuxudan oyananda
çooox rahat şəkildə
o şəklin gözlərinin içinə deyəcəyəm
səni düşünmək istəmirəm

yayxanıb divanda
ayağımı ayağımın üstünə aşırıb
xoşladığın filmlərə baxacağam
sevdiyin musiqiləri dinləyəcəyəm
bəyəndiyin kitabları oxuyacağam
düşünəcəyəm ki
daha səni düşünməyəcəyəm
haqqında bir kitab şeir yazacağam
o kitaba yaxşı bir adda tapmışam
səni düşünmək istəmirəm

sənin də işin çoxdu
heç mənə ayırmağa vaxtın belə yoxdu
axşama bozbaş bişirməyin var
balaca oğluna ayaqqabı almağın
ondan bir yaş böyük qızına dərman içirməyin var
böyründə div kimi yatıb
xoruldayan ərin var
qoy səni o düşünsün
mənim nəyimə lazım
səni düşünmək istəmirəm

11 may 2013


muştuluğumu ver
unutdum səni


toxunmadığım əllərini
oxşamadığım tellərini
başqalarının qucaqladığı belini unutdum
unutdum səni

düşündüm ki
qarnının dərisi şəndir kimidi
üstəlik buxağın da sallanır
sinən
“vasmoy” bazarındakı qəssabxanada
üstünə milçəklər yığışan
5 manat 50 qəpiklik
mal ətinə oxşayır
özün də küpəgirən qarısan
hamının üzünə açıq qapısan
uydurdum səninlə bağlı
həqiqətə yaxın nə varsa
beləcə sızıldayan ruhumu ovutdum
sonra da bəh-bəhlə
unutdum səni
unutdum

taqətdən düşdü dizim
bir an belə mürgü döymədi gözüm
bu gözəl may gecəsi əzizim
yerlə-yeksan oldum amma
unutdum səni unutdum

saatlarla oturub
facebook-dakı şəklinə baxdım
boynuma alıram
bu ara sənin üçün bir az
dəli kimi darıxdım
puç oldum heç oldum yox oldum
göyün yeddinci qatından yıxıldım
təpəsi üstə gəldim yerə
sındı sol tərəfimdəki əyri qabırğa
ağrıdan qıvrıla-qıvrıla
zavallı məxluq
unutdum səni unutdum

canımı dişimə tutdum
dişimi dişimə sıxdım
eşqimi dişimə tutdum
çırpındım qurudakı balıq kimi
unutdum səni unutdum

oxxaaaaaay!!!
indi çox rahatam
tufandan sonrakı dəniz kimiyəm
demək olar ki sənsiz kimiyəm
silmişəm yaddaşımdam bütün keçmişi
özümü də unutmuşam
indi mən kiməm bilmirəm ki
əvvəlki adamın adı samir idi
dəyişmişəm
yeni
başqa adam olmuşam
bu təzə yoldaşın adını da bilmirəm heç
vallah
kimdi nəçidi bilmirəm
unutmuşam
hər şeyi unutmuşam

eeeh nə isə
muştuluğumu ver
gözlərin aydın
bu gecə səhərə yaxın
unutdum səni

15.05.2013


***



çəkdiyim siqaret
içdiyim şərab
sənin kimi dadır
öz aramızdı
çox turşməzə tamın var


səfanı it-qurd çəkir
cəfan mənə qalıb
bəxtəvər başıma
təzə işə düzəlmişəm
səni unutmaqla məşğulam


bacaracağam
bunu da bacaracağam
səni unutmağı da
özümə
hisslərimə
qalib gəlməyi də bacaracağam
görərsən
elə unudacağam ki səni
heç ruhun da inciməyəcək
çəkdiyim siqaretləri
xəyalının üstünə basıb söndürəcəyəm
yerli-dibli yox etmək üçün
səninlə bağlı hər şeyi
şərab şüşəsindən
son damlasına kimi
qədəhə süzüb
üzümü-gözümü turşutmadan
başıma çəkəcəyəm
qəh-qəhə çəkə-çəkə
Kamal Sunalın filmlərinə baxacağam
unudacağam səni

əvvəl-əvvəl
düşünəcəksən ki
bir sözdü deyirəm
səni unutmaq
əlimdən gəlməz mənim
bir də ayılıb görəcəksən ki
iş-işdən keçib
mən yerli-dibli yoxam
qeybə çəkilmişəm
elə bil mən adda adam
heç olmayıb bu dünyada

unudacağam səni
görərsən
unudacağam
mən yaz aylarında
unutmağı çox əla bacarıram

13.05.2013


***


bitdi səninlə bağlı hər şey
xəyallar bitdi
mesajlar bitdi
şeirlər sözlər bitdi
həyatın ləzzəti bitdi
rəngləri yox oldu həyatın
rəngsizəm indi
huzursuzam

zatən
varlığın da yoxluğun kimi bir şey idi
yuxu kimiydin
yox kimiydin
təsəlli vermə özünə
guya sənsizliklə bacara bilməyəcəyəm
qəti narahat olma
elə şey yoxdu
əlayam əla

sən həyatı kölgə kimi yaşayırsan
yoxluğun varlığından
daha gözəl daha güclüdür
nə yaxşı yoxsan
mən sənin yoxluğunu sevirəm
içimdə dəniz kimi çırpınan
ruhumu yerindən oynadan
bitməyən tükənməyən
səsə sözə çevrilən
yoxluğunu sevirəm

yoxluğun sənin qədər gözəldir əzizim
bu mənim ağlıma belə heç gəlməmişdi
bilsəm daha tez ayrılardım səndən
sevərdim sevərdim yoxluğunu
həyatımı
ləzzətlə
zövqlə
huzurla yaşayardım

sən məndən də
yoxluğundan da çox balacasan
varlığın bir qara quruşa dəyməzmiş
zavallı qadın
fikrindəki ancaq
antalyadı dubaydı
nə bilim nədi
mən heç yoxam ki orda
amma yoxluğun başqa məsələ
yoxluğun əladı
sənə bir sirr açım
öz aramızda qalsın
qısqanmaq-filan yoxdu
təzəlikcə birisinə aşiq olmuşam
mən daha sənin yoxluğunu sevirəm
kefdəyəm kefdə

13.05.2013


için paramparca olacaq
o qadın səni anlamazsa

sən əzablar içində qovrularkən
o da başqasının qoynunda qıvrılacaq
həzz içində
canım tələsmə
bu dəfə tələsmə
məni də gözlə deyəcək
bəlkə də xəyalındakı sən olacaqsan
bəlkə də yox
düşündükcə bütün bunları
həyat gözündə bir heçə dönəcək
adamı biuhuş edən yaz gecələrində
çərləyəcəksən
boğazına tıxanan qəhərdən və
məhv olacaqsan məhv
o qadın səni anlamazsa


içkiyə qurşanacaqsan
üzünü saqqal basacaq
külqabı kimi qoxuyacaqsan
sənə can deyəcəklər
çor anlayacaqsan
dəli kimi baxacaqlar sənə
adam yerinə qoymayacaqlar
yaxşı nəyin varsa itirəcəksən
ahəstə-ahəstə
darmadağın olacaqsan
o qadın səni anlamazsa

əlin-ayağın
yerdən-göydən üzüləcək
qanadacaqsan dodaqlarını
dişlərinin arasında
ən sevimli sözün ifritə olacaq
yumağa dönəcəksən
həyatını yumruq kimi yaşayacaqsan
kimsəylə palaşamadığın dərdinə
təsəlli axtaracaqsan
bir küpə qızıl tək
rastına çıxmayacaq o təsəlli heç vaxt
özün özünə həmdəm olacaqsan
və sərsərilər kimi
gün uzunu eyni sözü
dəfə-dəfə təkrarlayacaqsan
bərk dur
üzülmə gözəl insan üzülmə
guya kimi anlaya biləcək ki
o qadın səni anlamadısa

14.05. 2013


***


bu gecə bir şüşə volokordoin içdim
sənin şərəfinə

depressiyanı
qrip kimi keçirtdim
ilan kimi qıvrıldım
qovruldum ağrılar içində
özümə qalib gəlməyi öyrəndim
yüz cür bəhanəylə başımı qatdım
içimdə çölümdə nə varsa hər şeyi unutdum
o dünyaya getdim qayıtdım
yeknəsəq həyatıma
yalançı rənglər qatdım
dilimdə adın
gözümün önündə xəyalın
başqa qadınlarla yatdım
ürəyimdən tikan çıxdı
keyf elədim keyf
sənin şərəfinə

gecələr il kimi uzandı
axırıma çıxdı bitmək tükənmək bilməyən gecələr
səhərləri dirigözlü açdım
səndən qaçdım
özümdən qaçdım
göylərdə uçdum
yerlərdə süründüm
otağımın xəlvətində
sübhəcən
çiyinlərim silkələnə-silkələnə
hönkürə-hönkürə ağladım
sənin şərəfinə

sildim yaddaşımdan hər şeyi
anlaqsız halda küçələri dolaşdım
yağışa düşdüm islandım
günəşə düşdüm qurudum
hətta bir dəfəsində
az qaldı maşın altına düşüm
sürücü söydü keçdi
ilk dəfə məni söyənə sağ ol dedim
rəsmin gözümdə
əlim üzümdə
son səksən səkkiz saat ərzində
səksən səkkiz qutu siqaret öldürdüm
sənin şərəfinə

başımın tacını itirdim
gözümün nurunu itirdim
təpərini itirdim dizimin
üzüldüm üzülə bildikcə
yerlə yeksan etdim özümü
yox olmağa alışdım
ən uca zirvələrdən yıxılmağa alışdım
xəyalını ayaqlarım altında tapdaladım
qüruruma sahib çıxdım
sevdiyim kimi
səndən vaz keçməyi öyrəndim
sənin şərəfinə

boğazımda qəhər
içim zəqqum kimi
külqabıda bala-bala tüstülənir
məhv olmuş arzular
heç nəyin dadı-duzu yoxdu
həyat ləzzətini itirib
ruhum sızıldayır aram-aram
ölü kimiyəm indi
qərq olmuşam sükuta
bitirəm tükənirəm
sənin şərəfinə

18.05.2013

***


dünən o qadın öldü
dəfnə qarışıqdı başım indi
mənim ölüm var dostlar

dünən öldü o qadın
işvələriylə birgə
bap-balaca əlləri öldü
xal xal çiyinləri öldü
öldü sünbül saçları
şaqraq gülüşləri iri gözləri
məndən gizlətdiyi baxışları
facebook-dakı profili öldü
dünən öldü o qadın

telefonumdan nömrəsini sildim
yaddaşımdan səsini sildim
sildim onunla bağlı nə varsa həyatımdan
məni addım-addım izləyən kölgəsini sildim
ürəyimin dincliyi
həyatımın axarı öldü
nə göylər kişnədi
nə buludlar ağladı
dünən öldü o qadın
onunla birgə
sezen aksunun nəğmələri də öldü
dünən öldü o qadın
ölüm var dostlar

dünən öldü o qadın
dostlar
sabah üçüdü
bu ağı onun üçündü
indi də başım ağrıyır
ürəyim gizildəyir
ruhum qərar tutmur tənimdə
üç günlük matəm elan etmişəm
bu gün yüz dəfə xortlasa da
dünən öldü o qadın
dostlar

25.05.2013


***


11 sentyabrdı
bir evli qadını sevmək

bir evli qadına aşiq olmaq
uçurumdan yuvarlanmaq demək
cəfalar burulğanında çapalamaq
kül olub küləklərdə sovrulmaq
yayın ortasında qar arzulamaq
əbədi sükuta qərq olmaq
təsəllisiz yaşamaq
məhv olmaq deməkdi
bir evli qadını sevmək

bir evli qadına aşiq olmaq
çərləmək demək
düşündükcə səndən uzaqlarda keçirdiyi gecələri
əzablar içində pörşələnmək
sızıldamaq için-için
bilə-bilə özünü yandırıb yaxmaq
cəhənnəm atəşinə atılmaq
küləklərin tüğyan etdiyi məqamda
alovunun dilləri ilan kimi qıvrılan
ocağı körükləmək
odla oynamaqdı
bir evli qadını sevmək

bir evli qadına aşiq olmaq
eşqlərin ən gözəli
acıların ən böyüyü
vəbaya yoluxmaq
ürək catışmazlığından əziyyət çəkmək
daima xof içində yaşamaq
onun başqa birisinin qoynunda çırpındığını
namərdcəsinə qəbul etmək
və bunula barışmaq
və dodaqlarını gəmirə-gəmirə
çarəsizcəsinə
min ilin ölüsü kimi susmaq
zorən yas yerində oturmuş
narahat adamlar kimi
vaxtını göyə sovurmaq
etiraf edilməmək məşəqqəti
deyilməmiş sözlərdi
dünyadakı ən ağır
və yeganə yaxşı günahdı
bir evli qadını sevmək

bir evli qadına aşiq olmaq
11 sentyabrdı...


23.05.2013