12 minlik mal oğurlayan tutuldu

12 minlik mal oğurlayan tutuldu
Oxunma sayı: 872

Bakıda  avtomobildən 12000 manat dəyərində kosmetoloji avadanlıqlar  oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Binəqədi rayonu Ə.Naxçıvani küçəsindəki evlərdən birində yaşayan Alla Nukradzeyə məxsus “Toyota” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 12000 manat dəyərində kosmetoloji avadanlıqlar naməlum şəraitdə oğurlanıb.
 
Oğurluq hadisəsinin Zəngilan rayon sakini Araz Əmiraslanov tərəfindən törədildiyi müəyyən edilib. Bakı Şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən qeyd edilən şəxsin idarə etdiyi “Mersedes” markalı avtomobillə Qaradağ rayonu ərazisində hərəkətdə olması müəyyənləşdiriləndən sonra bu barədə Baş Dövlət Yol Polisi İdarəsi, Binəqədi RPİ  5-ci PB məlumat verilib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən A.Əmiraslanov idarə etdiyi avtomobillə birlikdə saxlanılıb. Avtomobilin yük yerinə baxış zamanı onun oğurladığı əşyalar aşkar olunaraq götürülüb. 

Saxlanılan şəxsin ətraflarında həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onun bu ilin sentyabr ayı ərzində Binəqədi rayonu ərazisində daha 13  nəqliyyat vasitəsinin şüşəsini sındıraraq mobil telefon, pul və digər qiymətli əşyalar  oğurladığı məlum olub. 

Qeyd edilən faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gürcüstan vətəndaşı olan A.Nukradze İstanbul Estetik Klinikasında işləyir.
Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi