123 ildən sonra ölkəni kişi idarə edəcək - Fotolar

123-ilden-sonra-olkeni-kisi-idare-edecek-fotolar
Oxunma sayı: 659

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi məlumata görə, kraliça Beatriksin 33 ildir ki, oturduğu taxta sabah böyük oğlu şahzadə Vilyam Aleksandr sahib olacaq. Bununla da argentinalı şahzadə Maksima ölkənin ilk immiqrant kraliçası olacaq.

Hollandiyada 1890-cı ildə kral II Vilyamın vəzifədən getdiyi andan bu günə qədər – 123 il ərzində ölkəni qadınlar idarə ediblər. Ancaq paytaxt Amsterdamda sabah keçiriləcək rəsmi tacqoyma mərasimindən sonra 46 yaşlı Aleksandrın krallıq dövrü başlayacaq. Yeni kraldan sonra taxtın qanuni varisi 9 yaşlı qızı vəliəhd Amaliya olduğundan yaxın zamanlarda bu vəzifəyə yenidən qadının gətirilməsi gözlənilir.

Vilyam Aleksandrın hakimiyyətə gəlişi ilə ölkədə bir sıra dəyişikliklər də olacaq. Hollandiyada hər il aprelin 30-da keçirilən “Kraliça günü” dəyişdirilərək yeni kralın ad günü – aprelin 27-si münasibətilə “Kral günü” qeyd olunacaq. Kraliça Beatriksin şəkillərini oğlunun şəkilləri əvəzləyəcək. Yeni kralla kraliçanın Hollandiyanı daha da müasirləşdirəcəyi bildirilir.

Qeyd edək ki, Vilyam krallıq tacını taxdıqdan sonra xanımı Maksima ilə ölkənin 12 əyalətini gəzəcək. Onun ilk xarici səfəri Lüksemburq və Belçikaya olacaq.