13 yaşlı qızı maşınla vurub öldürən səfirin oğlu sərbəst buraxıldı - - Fotolar

13-yasli-qizi-masinla-vurub-olduren-sefirin-oglu-serbest-buraxildi-
Oxunma sayı: 7874


APA-nın iyunun 9-da saat 23.30 radələrində yaydığı xəbərdə bildirilir ki, “Mercedes Gelandwagen” markalı avtomobil Azadlıq meydanında 15-16 yaşlarında qızı vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisə baş verən andan Azadlıq meydanı ətrafında böyük tıxac yaranıb

Hadisə yerində olan polislər APA-ya bildiriblər ki, qəzanı törədən sürücü artıq saxlanıb.

Amma onun kimliyi ilk vaxtlarda bəlli olmayıb.

Daha sonra Anspressə bəlli olub ki, hadisəni 19 yaşlı Zeynalov Əbil Abbas oğlu törədib. Onun idarəetdiyi “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən piyada, 13 yaşlı İsmayılova Tahirə Ələkbər qızını vurub. Zərbənin gücündən gənc qız elə hadisə yerində dünyasını dəyişib.

Yol nəqliyyat hadisəsi ilə bağlı Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılıb. İlkin ehtimala görə, avtoqəza sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsi səbəbindən qeydə alınıb.

“Yeni Müsavat”a daxil olan məlumata görə, qəzanı törədən sürücü artıq sərbəst buraxılıb. Onun Facebook səhifəsində qəza törətdiyi maşının şəkli və başqa rəsmlər də yer alır. Ə.Zeynalovun hansı yolla və kimin vasitəsilə həbsdən buraxıldığı hələlik məlum deyil.

“Yeni Müsavat”a o da məlum olub ki, Ə.Zeynalovun atası Abbas Zeynalov həkim və sülhməramlı səfir, milliyyətcə yəhudi olan anası Bela Zeynalova isə müəllimədi. Ailə Qubada yaşayır.

Dünən axşam “Yeni Müsavat” qəzanı törədən gəncin atası Abbas Zeynalovun telefon nömrəsini tapıb və hadisə ilə bağlı onun fikirlərini öyrənib. Əvvəlcə danışmaq istəməyən A.Zeynalov daha sonra bunları deyib: “Mən bu barədə mətbuata müsahibə vermək istəmirəm. Kim istəyərdi ki, oğlu belə qəza törətsin. Qəzadı olub, dərdimizi çəkirik. Uşaq başqa maşının qabağından qaçıb gəlib çırpılıb bu maşına. Yəni maşının qabaq hissəsi ilə vurulmayıb”.

A.Zeynalov bundan başqa heç nə deməyib.

Onu da qeyd edək ki, Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı, Müsavat Gənclər Təşkilatının sədr müavini ötən il törədilən təsadüfi qəzada ölüm hadisəsi olduğuna görə həbs olunmuşdu. Amma faktiki olaraq ortada heç bir şikayət yox idi.