“146 vərəsə ilə bağlı qərar qəbul olunub”

146-verese-ile-bagli-qerar-qebul-olunub
Oxunma sayı: 2431

"Şəhid ailələrinin sosial mənafeyinin yüksəldilməsi hər zaman prioritet məsələlərdən olub. Bu proses davamlı xarakter daşıyır. Burada əsas məqsəd şəffaflığın təmin edilməsi idi. Bunun üçün də elektron sistem tətbiq edilib".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev son günlər Prezident Administrasiyası və digər aidiyyəti orqanlar qarşısında etiraz edərək vaxtilə sığorta ödənişini  almadıqlarını və onlara təqdim edilən sübutların saxta olduğunu bildirən şəhid hərbi qulluqçuların vərəsələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 9 oktyabr tarixindən 300-dən artıq şəhid hərbi qulluqçuları ilə bağlı sənəd qəbul olunub. 2 noyabr 114 hərbi qulluqçunun 146 vərəsəsinə birdəfəlik ödənişin verilməsi ilə bağlı qərar qəbul olunub. Bu il həmin vərəsələrin yarısına, növbəti ildə də digər yarısına verilməsi nəzərdə tutulub.

Ancaq müraciətlər arasında şikayətlər də var. Biz də aidiyyatı orqanlardan şikayətlərlə bağlı sənədləri əldə etməyə çalışmışıq. Müvafiq sənədləri əldə etmişik və məlum olub ki, 80 müraciət üzrə ödəniş olunub. Lakin onlar yenə də ödənişi almadıqlarını iddia edir. Onu da qeyd edim ki, daxil olan müraciətlərdə anlaşılmazlıqlar da mövcuddur. Onlar diqqətsizlik səbəbindən bizə şikayət edərək ödənişi ala bilmədiklərini bildirib".

Dövlət Sığorta Kommersiya Şirkətinin (Azərsığorta) sədr müavini Aftandil Hacıyev bildirib ki, müraciət edənlərin çoxu o vaxt əmanət bankından pulu almadığını vurğulayıb: "O vaxtkı qanunvericiliyə uyğun olaraq ödənişlər edilib. Çoxu da bu məbləğin az olduğunu, yenidən ödəniş almaq istədiyini bildirir. Vərəsələr ərizə formasında müraciət edərək deyirlər ki, niyə əllə yazılıb. O vaxt kompüter sistemi yox idi. Jurnal əllə yazıldığı üçün inanmırlar, onu doğru saymırlar. Ancaq bu jurnal möhürlənib və əsas sənəd kimi sayılır. Məbləğlər bir neçə dəfə dəyişib. Rayon filiallarında imzayla pul alınmayıb, pul yalnız əmanət banklarından alınıb. 25 il keçib, bu böyük rəqəmdir. Kadr dəyişiklikləri olub. Dadaşov Yusif Neftçala rayonundan müraciət edib. Ancaq əlimizdə sənəd var ki, əmanət kassasından vərəsələri 200 min rubl pul köçürülüb".

Dövlət Sığorta Kommersiya Şirkətinə 200-dən çox şikayət ərizəsi daxil olub.

Günel Hacı

Fotolar: Pərvin Zeynal