149 dövlət əmlakı satışa çıxarıldı

149-dovlet-emlaki-satisa-cixarildi
Oxunma sayı: 927

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 17 oktyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 149 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 43-ü kiçik dövlət müəssisə və obyekti, 78-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 8-i isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis”, “Bərdə Kərpic”, “Tərtər Konserv”, “Azərmetalinvest“, “Oğuz Kəndkimya”, “Çatal Broyler“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.  

Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Azinterservis” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 31%-ə yaxını 266 min manatdan çoxdur. Bundan başqa qiymətində digərlərindən fərqlənən əmlak “Bərdə Kərpic” Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın 30% səhmi isə 175 min 512 manata yaxın təklif olunur.