15-ci Avrasiya İqtisadi Zirvə toplantısında Bakcell-in təqdimatı keçirilib

15-ci-avrasiya-iqtisadi-zirve-toplantisinda-bakcell-in-teqdimati-kecirilib-
Oxunma sayı: 678

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, Avrasiya İqtisadi Zirvə toplantısı Türkiyənin Mərmərə Fondu tərəfindən təşkil edilir və Türkiyənin qeyri-hökumət sektorunda keçirilən ən nüfuzlu və iri tədbirlərdən biridir. Hər il bu konfrans siyasət və sənayə rəhbərləri daxil olmaqla 500 nəfərdən artıq iştirakçı cəlb edir. 15-ci Zirvə Toplantısı zamanı energetika, iqtisadiyyat, ekologiya və qadın problemləri kimi mövzular müzakirə edilib.

11 aprel tarixində CRA Qrupunun Telekommunikasiyalar üzrə vitse-prezidenti və Bakcell-in Direktor Şurasının müşaviri Cüneyt Türktan zirvə toplantısı çərçivəsində Telekommunikasiya mövzusunda keçirilmiş dəyirmi masada təqdimat keçirib. Dəyirmi masa Avrasiya İqtisadi Forumu çərçivəsində ilk dəfə olaraq keçirilib və Bakcell şirkəti burada təqdimatla çıxış edən yeganə şirkət olub. Dəyirmi masada mobil texnologiyaları sahəsində tədqiqat və inkişaf daxil olmaqla kommunikasiya sektorunun əsas mövzuları müzakirə edilib. Cənab Türktan həmçinin aprelin 12-də İzmir şəhərində keçirilmiş “3 Qitə 1 Dəniz – İzmir” adlı görüşdə iştirak edib.

Bakcell şirkəti Zirvə toplantısında iştirak edən yeganə Azərbaycan şirkəti olub. Şirkətin Baş İcraçı Direktoru Riçar Şirerin sözlərinə görə, bazarın inkişafı və müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi məqsədi ilə yeni texnologiyaların və proqram həllərinin Azərbaycana gətirilməsi üçün Bakcell şirkəti mütəmadi olaraq beynəlxalq şirkətlər və agentliklərlə əməkdaşlıq edir.

Tədbirdə bir neçə ölkənin prezidentləri, Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım, inkişaf naziri Cəvdət Yılmaz, Avropa Birliyi naziri və Baş müzakirəçi Əgəmən Bağış, mədəniyyət və turizm naziri Ertoğrul Günay, ailə və sosial siyasətlər naziri Fatma Şahin və təbii resurslar və enerji naziri Tanər Yıldız iştirak ediblər.

Azərbaycan hökuməti tərəfindən isə 15-ci Avrasiya İqtisadi Zirvə toplantısında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, təhsil naziri Misir Mərdanov və sənaye və energetika naziri Natiq Əliyev iştirak ediblər.

Nigar Məmmədli