“15 il bundan əvvəl ölkəmizin bəzi yerləri işıqsız qalırdı” - İlham Əliyev

“15 il bundan əvvəl ölkəmizin bəzi yerləri işıqsız qalırdı”
Oxunma sayı: 542

“Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası təmin edildi. Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda giriş nitqində deyib.

Prezident bildirib ki, son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunub: “Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək.

Bildiyiniz kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi. O vaxt demişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam, bölgələrdə olan problemlərin həlli işində öz səylərimi əsirgəməyəcəyəm. 2004-cü ilin fevral ayında birinci proqram qəbul olundu və bu gün müzakirə etdiyimiz proqram sayca üçüncüdür.

Beləliklə, görülmüş işlər haqqında danışanda əlbəttə ki, biz son 15 il ərzində yerinə yetirilmiş işlərə nəzər salmalıyıq. Bu işlər həm real həyatda, həm rəqəmlərdə, həm də dəyişən, abadlaşan şəhərlərdə özünü göstərir”.

Dövlət başçısı son 15 il ərzində Azərbaycan iqtisadiyyatının dünya miqyasında rekord templərlə inkişaf etdiyini, ümumi daxili məhsul 3,3 dəfə artdığını söyləyib: “Bir daha demək istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Yəni, bu, onu göstərir ki, Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik. Bu, bizə imkan verir ki, gələcəyə çox böyük ümidlərlə baxaq. Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı iqtisadiyyatdır”.

İlham Əliyev aparılan uğurlu siyasətin ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına gətirib çıxardığını vurğulayıb: “15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyuldu və bu sərmayənin yarısı xarici investisiyadır. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Azərbaycanda mövcud olan sərmayə iqlimi xarici investorları həvəsləndirir.

Bir faktı da diqqətinizə çatdırmaq istəyirəm. İlk dəfə Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında 2006-cı ildə qeyd olundu və o vaxt Azərbaycan 98-ci yerdə qərarlaşdı. Aparılan köklü islahatlar, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində son hesabatda Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni, bu, deməyə əsas verir ki, bundan sonra da həm daxili, həm xarici investorlar Azərbaycana böyük həcmdə sərmayə qoyacaqlar. Beləliklə, bu sərmayə imkan verəcək ki, bundan sonra da iş yerləri, yeni müəssisələr yaradılsın və ölkəmiz inamla inkişaf etsin”.

Ölkə prezidenti son 15 il ərzində 2 milyon yeni iş yerinin yaradıldığını qeyd edib: “Əhalinin sayı isə 1,6 milyon artmışdır. Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətlə getsin, artan əhali işlə təmin olunsun. Yeni iş yerlərinin yaradılması regionların sosial-iqtisadi inkişafı proqramlarının tərkib hissəsi idi və qeyd etdiyim kimi, 2 milyon iş yeri yaradılıb. Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür. Kənd təsərrüfatı 1,7 dəfə artıb və əminəm ki, bundan sonra artım daha sürətli olacaq.

Bir sözlə, bizim bütün iqtisadi göstəricilərimiz deməyə əsas verir ki, Azərbaycan son 15 il ərzində çox uğurla, inamla inkişaf edib. Artan iqtisadi imkanlarımız bizə şərait yaratdı ki, sosial məsələlərə də çox böyük diqqət yetirək. Bir neçə rəqəmi səsləndirmək istərdim. Son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb. Son 15 ildə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılmışdır. Bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlüdür və əldə edilmiş gəlirləri biz, ilk növbədə, sosial sahələrə yönəldirik”.

Prezident məcburi köçkünlərin problemlərinin həmişə diqqət mərkəzində olduğunu əlavə edib: “Bu gün də belədir. Son illər ərzində yüzdən çox köçkün şəhərciyi tikilib, köçkünlərə təqdim edilib. Şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri üçün 6650 mənzil təqdim edilmişdir və bu proses davam etdirilir. Bu kateqoriyadan olan vətəndaşlar evlərlə təmin olunacaqlar. Yəni, Azərbaycan sosial sahəyə çox böyük diqqət göstərən ölkədir. Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”.

İ. Əliyev qeyd edib ki, son 15 il ərzində dünyada müxtəlif proseslər gedib, dünya çox dəyişib: “On beş il əvvəl vəziyyət tam fərqli idi, bu gün isə risklər, təhdidlər, münaqişə, müharibə ocaqları artır və bu meyil əfsuslar olsun ki, güclənir. Bizim bölgəmizdə, Yaxın Şərqdə, MDB məkanında, yaşadığımız regionda çox təhlükəli proseslər gedirdi və bu gün də gedir. Bu proseslər böyük fəlakətlərə gətirib çıxarıb. Milyonlarla insan müharibələrdən əziyyət çəkir. Milyonlarla insan həlak olub, yaralanıb, itkin düşüb, qaçqın-köçkün vəziyyətinə düşüb. Bəzi ölkələrin əksər hissələri tamamilə dağıdılıb. Bu, böyük humanitar fəlakətdir. Biz demək olar ki, hər gün kütləvi informasiya vasitələrində bunu izləyirik və bu meyil əfsuslar olsun ki, davam edir. Bütün bu mənfi mənzərə fonunda bizim hökumət öz inamlı dinamik inkişaf strategiyasını icra edərək ölkəmizi irəliyə aparır.

Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur.

Azərbaycanda aparılan iqtisadi, siyasi islahatlar, ölkəmizin güclənməsi bizə dünyada gedən riskli proseslərdən özümüzü qorumağa imkan yaratdı. Bir daha demək istəyirəm, bizim xarici siyasətimizin əsas məqsədi ondan ibarətdir ki, xaricdən gələn mümkün risklərin idarə olunmasına, azaldılmasına, aradan qaldırılmasına imkan versin. Biz buna nail oluruq. Son 15 il ərzində Azərbaycan xalqı əmin-amanlıq şəraitində yaşayır. Azərbaycan xalqı rahat yaşayır, qurur, yaradır. Hesab edirəm ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər.

Qeyd etdiyim kimi, biz 15 il ərzində biznes mühitinin yaxşılaşdırılması ilə bağlı böyük addımlar atdıq. Sahibkarlığın inkişafına böyük dəstək verdik. Təkcə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb. Sevindirici hal ondan ibarətdir ki, dövlət büdcəsindən bu məbləğin cəmi bir milyard manatı ayrılmışdır. Qalan bir milyard manatdan çox vəsait verilmiş və qaytarılmış kreditlər hesabına yenidən kredit şəklində verilib. Beləliklə, biz kifayət qədər böyük maliyyə resursu yaratmışıq. Bu, bizə imkan verir ki, dövlət büdcəsinin yükünü azaldaq və gələcəkdə güzəştli şərtlərlə sahibkarlara maliyyə dəstəyi göstərək”.

Dövlət başçısı bildirib ki, ölkədə sənayeləşmə prosesi uğurla gedir: “Son vaxtlar sənaye parklarının fəaliyyətə başlaması geniş vüsət almışdır. İndi bu proses bir neçə şəhərdə gedir və sənaye parklarında bizim 67 rezidentimiz var. Onlardan 40-ı artıq fəaliyyətdədir.

Aqroparkların yaradılması çox müsbət hal kimi qiymətləndirilə bilər. Proqramda 51 aqroparkın yaradılması nəzərdə tutulub. Onlardan 17-si fəaliyyətdədir. Qalan aqroparkların işə düşməsi nəticəsində həm bölgələrdə yeni iş yerləri yaradılacaq, həm də kənd təsərrüfatı məhsullarımızın istehsalı və ixracı daha da artacaq.

Biz bu illər ərzində kosmik dövlətə çevrildik. Bu da bizim qürur mənbəyimizdir. Artıq üç peykimiz var. Azərbaycan nadir ölkələrdəndir ki, kosmik kluba daxil olubdur. Bu, həm innovasiyadır, həm biznesdir, həm də müasirlikdir. İnnovasiyalara gəldikdə, bu gün dünyada Azərbaycan məhsulu kimi tanınan “ASAN xidmət” brendi vardır. Bunu biz yaratmışıq, bizim daxili intellektual məhsulumuzdur və iradəmizin ifadəsidir. “ASAN xidmət” bu gün bir neçə ölkədə fəaliyyət göstərir və bu sistemi tətbiq edən ölkələrin sayı artmaqdadır. Ölkəmizdə on beş “ASAN xidmət” mərkəzi yaradılıb. Bu ilin sonuna qədər onların sayı 20-yə çatacaq. Bu mərkəzlərə 26 milyondan çox müraciət olunub. Əhali tərəfindən bəyənmə əmsalı təxminən 100 faizdir. “ASAN xidmət”də iki yüzdən çox xidmət göstərilir, tam şəffaf və heç bir pozuntusuz. Bu sahə, bildiyiniz kimi, həmişə böyük narahatlıq doğururdu. Vətəndaşlar haqlı olaraq şikayət edirdilər. İndi isə şikayətlər yoxdur, “ASAN xidmət”in yaradılması və uğurlu fəaliyyəti bizim siyasətimizi əks etdirir. Azərbaycanda hər şey şəffaf olmalıdır, hər şey qanun çərçivəsində olmalıdır. Bu, bir daha onu göstərir ki, vətəndaşlara xidmət bizim siyasətimizin əsas məsələlərindən biridir.
Əlbəttə ki, bizim iqtisadiyyatımızın əsas sahəsi neft-qaz sektorudur. Bu, bu gün belədir, əvvəl də belə olub və bundan sonra da belə olacaq. Biz sadəcə olaraq, çalışırıq ki, qeyri-neft sektorunu sürətlə inkişaf etdirək, buna nail oluruq. Ancaq hansı ictimai-siyasi formasiyada yaşamasına baxmayaraq, Azərbaycanda ilk neft tapılan dövrdən bu günə qədər bu, əsas iqtisadi potensial olub. Biz bu təbii resurslardan çox səmərəli şəkildə istifadə edirik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə düşməsi çox böyük tarixi hadisədir. Əgər bu layihələr icra edilməsə idi, biz bu qədər vəsait əldə edə bilməzdik. Çünki bizim ixrac imkanlarımız məhduddur, açıq dənizlərə çıxışımız yoxdur və bizə mütləq neft-qaz kəmərləri lazımdır. Bu kəmərlərin tikintisi həm maliyyə, həm siyasi, həm beynəlxalq əməkdaşlıq baxımından çox mürəkkəb və çətin bir layihələr idi. Biz bunu da bacardıq. Bu gün bu iki kəmər vasitəsilə resurslarımız dünya bazarlarına göndərilir. Hazırda Avropada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisi sürətlə gedir. Dörd layihədən ibarət olan bu meqalayihə artıq son mərhələdədir. Dörd layihədən üçü istifadəyə verilib. Keçən il TANAP və Cənub Qaz Dəhlizinin açılışı olmuşdur və bunlar tarixi hadisədir”.

İlham Əliyev bildirib: “Biz neftdən, qazdan əldə edilmiş gəlirləri nəqliyyat sektoruna yönəltdik ki, Azərbaycan nəinki bu bölgədə, Avrasiya məkanında nəqliyyat mərkəzinə çevrilsin. Bu gün biz artıq buna nail oluruq. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi tarixi layihədir. Bu, həddindən artıq vacib layihədir. Çünki bu, artıq bizə imkan verir ki, Azərbaycan ərazisindən böyük həcmdə yüklər Şərqdən-Qərbə, Qərbdən-Şərqə göndərilsin. Bunun sayəsində həm bizim geosiyasi əhəmiyyətimiz artacaq, həm də biz bundan daim valyuta qazanacağıq. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması da böyük önəm daşıyır. Bu istiqamətdə də böyük işlər görülür. Əlbəttə ki, bu işlərin görülməsi genişmiqyaslı beynəlxalq əməkdaşlıq tələb edir. Azərbaycan bu sahədə də təşəbbüskar kimi öz müsbət rolunu oynayıb. Bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı 10-dan çoxdur və onların sayı daha da artacaq. Amma hər iki layihədə iştirak edən ölkə tək Azərbaycandır. Ona görə biz Avrasiyada çox strateji nəqliyyat mərkəzinə çevrilirik. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, bizim yol infrastrukturlarımız, müasir və müasirləşən infrastruktur, bütün bunlar son illər ərzində yaradılıb. Əgər biz infrastruktur layihələrinə diqqət yetirməsəydik, bu gün heç bir inkişafdan söhbət gedə bilməzdi.

On beş il bundan əvvəl biz özümüzü elektrik enerjisi ilə təmin edə bilmirdik. Ya xaricdən idxal edirdik, ya da ki ölkəmizin bəzi yerləri işıqsız qalırdı. Ötən 15 il ərzində 31 yeni stansiya tikilmişdir, 2500 meqavatlıq yeni güclər yaradılmışdır. Biz indi nəinki özümüzü təmin edirik, elektrik enerjisini ixrac edirik. Təbii qaz ilə təminat 15 il bundan əvvəl təxminən 50 faiz səviyyəsində idi, bu gün bu, 95 faizdir. İçməli su 26 faiz təmin edilirdi, bu gün bu, 70 faizdir. On beş il ərzində 15 min kilometr avtomobil yolu tikilib”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi