16 yaşlı qızın ərəbi

16-yasli-qizin-erebi
Oxunma sayı: 1029

Azər Qismət
 

Ərəbin otelə gətirib gecələmək istədiyi qızın (qadının) yetkinlik yaşına çatmadığını administrartor cinayət işi kimi xarakterizə edib. Administrator həm vəzifə borcunu yerinə yetirib qanunun aliliyini turistin nəzərinə çatdırıb, həm də vicdan borcunu ödəyib. Kaş, iri otellərlə yanaşı, dam-bacada, tində-dalanda tikilən otellərin də rəhbərliyi, mənzili sutkasına 20 manata verənlər də buna əməl edəydi. Bəzən turistlərin bura eyş-işrət üçün gəldiyini hamımız bilirik. Düşünürlər ki, əgər 16 yaşlı qızın barda əylənib kişilər tutmasına heç nə deyilmirsə, deməli onu otelə aparmaq olar. 

Əvvəllər bar və masaj salonlarında reydlərin aparılmasının şahidi olardıq. Sonra elə bu da kampaniya xarakteri daşıdı. Necə ki, Bakı-Sumqayıt yolunda tələbələrin ölümündən sonra başlanan və ildırım sürətilə bitən kampaniya reydi kimi. Heç kim demir ki, bar olmasın. Bar əyləncə yeridir, insan yorulanda barda rahatlıq tapır. Amma neyləyəsən ki, bizimkilər barı da, sağlamlıq üçün nəzərdə tutulan masaj obyektlərini də əxlaqsızlıq yuvasına çeviriblər. Bir ara balaca çinli qızlar da masaj yerlərinin gəlir gətirdiyini görüb bu işə girişmişdilər. Sırf sağlamlıq üçün nəzərdə tutulan masaj yerləri isə çox azdır və belə məkanlar SPİD-ə yoluxma statistikasını sürətlə artırır. Xəstəliyi yalnız xarici ölkələrdə yoluxan həmyerlilərimiz gətirmir.

O ki qaldı 16 yaşlı qızın barda nə qələt qırmasına... Özündən soruşsan deyəcək ki, “atamla anam ayrılandan sonra yiyəsiz qaldım, ya da xalam oğlu korladı məni”. Bunlar çoxdan işlənmiş klassik variantlardır. Necə ki, boşanan qadınların bəziləri əməlinə haqq qazandırmaq üçün ya ərlərini narkoman çıxarırlar, ya da müasir dövrün ən dəbli ifadələrini səsləndirirlər: “Ərim mənə və uşaqlara diqqət göstərmirdi”. Lev Tolstoydan tutmuş dünənki gənc yazarın əsərlərinə qədər bunlar variant kimi qəşəng işlənib. Belə variantları ancaq qulaqdan əriştə kimi asmaq olar.

Beləliklə, həmin qız bara necə düşməsinə haqq donu geyindirib istədiyi bəhanəni tapacaq. Elə bar müdirinə yaxınlaşıb bu sualı versəniz harasa zəng edib telefonu sizə uzadacaq. Telefonda qışqıracaqlar ki, “oradan təcili uzaqlaş, yoxsa nəslini şumlayarıq”. Sadə vətəndaş kimi bu sualı vermək istəyənlər çox olub ki, yetkinlik yaşına çatmayan qızın burda nə işi var? Bar müdiri də deyəcək ki, “o qız bizdə çalışmır, yalnız dincəlməyə gəlib və biz istənilən yaşda olan müştəriləri qova bilmərik”. Bununla müdir də əməlinə haqq şalvarı geyindirəcək. Deməli, əsas iş yenə düşür hüquq-mühafizə orqanlarının üzərinə. Hər ay gizli şəkildə səmimi reydlər keçirilməli, yetkinlik yaşına çatmayanlar saxlanılıb dindirilməli, tərbiyəvi söhbətlər aparılmalıdır. Söhbət səmimi reyddən gedir.

Ərəbə gəlincə, o səxavətlidir. Qız dünən yumurtadan çıxıb cikkildəsə də, bunu çox gözəl bilir. Bəlkə də otel gecəsindən sonra ərəbin onu öz ölkəsinə aparacağını, “Min bir gecə nağılı”nın şahzadəsi olacağını da xəyalında canlandırıb özünə gün-güzəran qurmağı düşünür. Necə ki, gəncliyində pis əməl üçün Dubaya gedənlər indi yaşlanıb Bakıda pal-paltar dükanları açıb mallarını xırıd edirlər. 

Ərəb ölkəsinə dönəcək. Amma azərbaycanlı administratorun qanuna riayət etməsi tələbini unutmayacaq. Dostlarına deyəcək ki, yetkinlik yaşına çatmayan qızları ovlamasınlar. Daha doğrusu, onlara dırmaşan belə qızları uzaqlaşdırıb qışqırsınlar ki, “boyuna bax, kişnəməyinə bax”.