17 min təhsil işçisi təlimlərdən keçəcək

17-min-tehsil-iscisi-telimlerden-kececek
Oxunma sayı: 639

“Mədəd Azərbaycan” təşkilatının direktoru Vüsal Xanlarovun “Qafqazinfo”ya verdiyi məlumata görə, “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində 110601 təhsil işçisi təlimlərə cəlb olunub.

V. Xanlarov bildirib ki, təhsil sisteminin pedaqoji heyətinin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi üzrə təlimlərdə ilin sonunadək 12890 müəllim və 1000 nəfər inzibati idarəetmə heyəti iştirak edəcək: “Təhsil sisteminin pedaqoji heyəti üçün təşkil olunan tədris prosesində informasiya və kommunikasiya texnologiyalarından effektiv istifadə edilməsi üzrə təlimlər iki tədris proqramından (kurikulum) ibarət olacaq. Rİ-SOL “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” və İntel “Gələcək üçün Təhsil” təlim vəsaitləri vasitəsilə müəllimlər təlimlərdə şəxsiyyətyönümlü, interaktiv və inteqrativ tədris metodları haqqında nəzəri və təcrübi biliklər əldə edir”.

“Elektron məktəb” layihəsi üçün seçilmiş pilot məktəblərin pedaqoji heyətinin təhsil portalından istifadə üzrə savadlılığının artırılmasına yönəldilmiş təlimlərdə isə 250 müəllimin iştirakı nəzərdə tutulub. 150 müəllimin “1 şagird-1 kompüter” layihəsi, 531 müəllimin “Həmkara Dəstək” layihəsi, 200 müəllimin isə “Fənlər üzrə elektron təhsil resurslarının hazırlanması” layihəsi üzrə təlimlərdə iştirak etməsi ehtimal olunur.
Bundan əlavə orta ümumtəhsil məktəblərinin seçilmiş heyəti üçün Məlumat Toplama Mərkəzindən istifadə üzrə treninqlərə bu il 2000 nəfərin cəlb edilməsi planlaşdırılır.

Qeyd edək ki, treninqlər “2008-2012-ci illərdə Azərbaycan Respublikasının Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan ərazısındə fəaliyyət göstərən 100 təlim mərkəzində keçirilir.