18 uşağın çörəyi

18-usagin-coreyi
Oxunma sayı: 2194

Günay Firudinqızı

Hər kəs övlad həsrətindədir. Ailə qurmayan da, ailə qurub övlad sahibi olmayan da.

“Heç olmasa bir övladım olsun” sözünü o qədər adamdan eşitmişəm ki... Sanki bir övlad olsa bütün işlər düzələcək. Yaşlananda ağzına bir stəkan su aparan, bir tikə çörəyini hazırlayan olacaq. “Düzünü desək “ verilişində mövzumuz çoxuşaqlı ailələr idi. Mövzunun araşdırması üçün bölgələrimizə səfər etdik. Lentə alacağımız kəndin sayılıb seçilən ağsaqqallarından birinin ailəsi idi. 18 uşağın valideyni...

Həyatımda ilk dəfə idi belə çoxuşaqlı ailəni lentə almağa gedirdim. Kəndin tinində oturan bığıburma cavanların göstərdiyi yolun dabanına düşüb getdik. Qarşımıza ikiqat əyilmiş yaşlı bir qadın çıxdı. Soyuğun kəsdiyi şaxtanın altında əlində çörək gedirdi. Sanki özü ilə bərabər ağır bir dərd daşıyırdı arxasınca. Kədərli, qəhərli və taleyi ilə dalaşan bir görkəmi var idi. Yaxınlaşıb həmin uşaqların valideynini xəbər aldıq. Dedi o qəhrəman ana mənəm. 

Elə bilməyin ki, o qədər uşağı dünyaya gətirmək xalamızın öz arzusu olub. Heç həyat yoldaşı da 18 körpənin həsrətində olmayıb. Sadəcə tibbin acizliyi onları cavanlıq səhvləri ilə barışdırıb. Düşündüm ki, çoxuşaqlı bir ailədə niyə yaşlı ana bu soyuqda çörək almağa getsin ki? Axı çörək almaq həmişə ailədə uşaq işi olub. Beynimdə suallarla evə çatdıq. Həyat yoldaşının 95 yaşı olsa da qıvraq idi. 40 dərəcə qızdırma ilə yerində qıvrılırdı. 

Bizi görcək sevindi. Sözün açığı gözlədim ki, o övladların nişanəsi gözümüzə dəyə. Amma nə fayda. Axırı ürəyim dözmədi. Xəbər aldım ki, bəs bu uşaqlar haradadır. Başladılar adlar sadalamağa ki, hamısı qazanc dalınca gedib. Sən demə 18 uşaq Azərbaycanın və Rusiyanın müxtəlif yerlərinə dağılıblar. Hər biri iş adamı olub. 

Hərdən bir göndərdikləri 100 dollar isə qocaların pensiyadan savayı gəlir yeridir. Bağı isə nə əkən varidi, nə də biçən. Yaşlı xalamız ikiqat əyilmiş halda dərdli-dərdli durub bizə çay hazırlamaq istədi. Çaydan ötrü dilimiz ağzımızda yansa da qoymadıq. Yaşlı anaya əziyyət verməyə ürəyimiz gəlmədi.

Camaat 1 uşaq arzusundadır, amma bu qədər övladın ola biri sənə baxmaya, biri ata yurdunda qalmaya, doğurdan da dəhşətdir. Materialı gətirib efirə verdim. Çox keçmədi ki, oğullar üzə çıxdı. Mənə dəfələrlə xəbər yolladılar ki, təkzib ver. Kənd içində biabır olmuşuq. Yenə efirə çıxdım, ürəyim dönsə də dilim dönmədi. Adamın 18 uşağı ola, biri yanında olmaya...doğurdan da dəhşətdir.