18782 nəfər müəllim olmaq istəyir

18782-nefer-muellim-olmaq-isteyir
Oxunma sayı: 795


“Qafqazinfo” Nazirliyin saytına istinadən xəbər verir ki, İyulun 15-də müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu prosesi başa çatıb. 15 gün ərzində ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 3286 vakant yerə 18782 nəfərin ərizəsi qəbul olunub.

Ötən ilin statistikasına görə, müəllimlərin işə qəbulu üzrə vakant yerlərin sayı 3270, müraciətlərin sayı isə 16195 olub.

Bu il ərizəçilər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat ixtisaslarını seçənlərin sayı daha cox olub.. Belə ki, Bakıda yerləşən bəzi məktəblər üzrə bir ibtidai sinif müəllimi yerinə 1000-dən artıq müraciət qeydə alınıb.

İşə qəbul üzrə qeydiyyatdan keçmiş ərizələrin təsdiqlənməsi prosesinin 16-20 iyul 2013-cü il tarixlərində həyata keçirilməsi nəzərdə tutulur.

21-23 iyul 2013-cü il tarixlərində imtahan qrupları formalaşdırılacaq, hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə test imtahanının vaxtı və yeri barədə məlumat göndəriləcək.

Test imtahanları Azərbaycan Dövlət İqtisad Universitetinin əsas korpusunda keçiriləcək. Universitetdə lokal şəbəkə qurulmuş və serverə qoşulub. 2 imtahan otağında 240 kompüter yerləşdirilmiş, mühafizə və təhlükəsizlik təmin edilib.

Müəllimlərin işə qəbulu üzrə test imtahanları 25 iyul - 7 avqust tarixlərində, hər gün (bazar günlərindən başqa) saat 9:00-dan 18:00-dək keçiriləcək. Hər bir qrup üzrə imtahana 1 saat vaxt ayrılacaq.

Bu mərhələni uğurla başa vuranlar üçün 12-16 avqust 2013-cü il tarixlərində müsahibə təşkil olunacaq.