19 manata görə taksi sürücüsünü öldürənlərin cəzası bəlli oldu

19-manata-gore-taksi-surucusunu-oldurenlerin-cezasi-belli-oldu
Oxunma sayı: 1017

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 19 manata görə taksi sürücüsünü öldürməkdə təqsirləndirilənlər - Pərviz Məmmədov, Rahin Hüseynov və Şamil Bayramova hökm oxunub.

"Qafqazinfo”nun məlumatına görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə P.Məmmədov 19 il, digər iki şəxsin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, mayın 8-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində “Mersedes” markalı avtomobilin sükanı arxasında Aydın Şıxəliyevin çoxsaylı bıçaq xəsərətləri nəticəsində öldürülüb.

Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini P.Məmmədov, Sumqayıt şəhərində yaşayan R.Hüseynov və Şəmkir rayon sakini Ş.Bayramov tutulub. Saxlanılan şəxslər Bakı-Sumqayıt istiqamətində hərəkət edən taksilərdən birinə müştəri kimi əyləşərək avtomobili H.Z.Tağıyev qəsəbəsinə sürdürməyi və orada sürücüyə zor tətbiq edərək onun pulunu, mobil telefonunu almaq barədə əvvəlcədən razılığa gəliblər.

Bu niyyətlə hər 3 şəxs mayın 8-də metronun “20 Yanvar” stansiyasının yaxınlığında A.Şıxəliyevin idarə etdiyi “Mersedes” markalı avtomobilə əyləşiblər. Qabaqcadan nəzərdə tutulmuş yerə çatdıqda Ş.Bayramov və R.Hüseynov üzərlərində olan bıçaqlarla A.Şıxəliyevə çoxsaylı zərbələr endirərək onu qətlə yetiriblər. Sonra onlar sürücünün cibindən 19 manat və 2 ədəd mobil telefonunu götürərək hadisə yerini tərk ediblər.

Murad Əhməd