2-ci SOCAR Beynəlxalq Forumu keçirilir

2-ci-socar-beynelxalq-forumu-kecirilir
Oxunma sayı: 884

Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM)  və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 2-ci SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya” Forumu işə başlayıb. 

"Qafqazinfo" xəbər verir ki, forumun ilk iclasını açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbirin müxtəlif ölkələrdən gəlmiş mütəxəssislər arasında işgüzar əlaqələr yaradılmasına və həyata keçirilən neft strategiyasının uğurlarının təbliği üçün səmərəli platforma olacağını vurğulayıb.

Forumun açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov, Energetika naziri Natiq Əliyev, SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Nazirlər Kabineti Aparatının Neft və kimya şöbəsinin müdiri Əsgər Aslanov, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və başqaları iştirak ediblər. 

Forumun birinci sessiyası Azərbaycanın neft-qaz strategiyasına və neft-kimya sahəsinin inkişaf tendensiyalarına həsr olunub. 

Qeyd edək ki, Beynəlxalq Forumun məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti, nəqli və emalı məsələləri üzrə cari vəziyyətin  və inkişaf perspektivlərinin təhlil edilməsidir. 

Forumda Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyətinin və strukturların bölümlərin rəhbərləri, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrin sahə nazirliklərinin  və transmilli neft-qaz şirkətlərinin nümayəndələri iştirak edirlər.

Forum öz işini 3 gün ərzində 7 sessiyada müxtəlif mövzular üzrə davam etdirəcək.