20 qəpiklik ölüm

20-qepiklik-olum-
Oxunma sayı: 3376

Nərmin Dadaşova

Günlərdir gözümüzün suyu qurumur, şəhidlərimizin dəfn videolarına baxıb hönkür-hönkür ağlayırıq. Hər ölümdə bir təsəlli axtarırıq, tapırıq da. Müharibədə dünyadan köçənlərin şəhidliyi ilə ovunuruq, xəstəlikdən ölənlərin canını əzabdan qurtarması ilə.

Yükümüz ağır idi bu dəfə, dərdimiz çox idi. Fərqinə varmadıq, bəlkə də adiləşib bizimçün ona görə bu dəfə daha az reaksiya verdik. Bu qədər qarmaşanın içində Mətanət xanımın sözü olmasın, bir külək də gəlib keçdi. Siz bildiniz mən nəyi deyirəm, yaxşı bildiniz. Çünki indi bizim Qarabağdan sonra ikinci ağır dərdimiz, ermənidən sonra ikinci düşmənimizin kim olduğunu məndən də yaxşı bilirsiz.

Avtobus sürücüləri!..

Çox ümid edirəm ki, içinizdən heç olmasa biriniz bu yazını oxuyacaqsınız. Ya oxuyub nəticə çıxaracaqsız, ya da bircə-bircə sərnişinlərə baxıb aralarında məni axtaracaqsız – həzm olunası şey deyil, az əvvəl sizə erməni dedim. Xətrinizə dəyməsin, mahiyyətcə ikinizin də gördüyünüz iş eynidir, günahsız insanları xüsusi amansızlıqla, vəhşicəsinə öldürməklə məşğulsunuz. Günlərdir düşünürəm, bircə ölümə çarə olmayan bu dünyada niyə bu işə bir əncam çəkə, çarə qıla bilmirik axı. Bəlkə də ona görə bu bizim əbədi, əzəli problemimizə çevrilib ki, siz hələ də məsələnin necə ciddi olduğunun fərqində deyilsiniz.

Bu qənaətə bir sürücünün törətdiyi 3 adamın ölümü ilə nəticələnmiş qəzadan sonra televiziyaların birinə verdiyi müsahibədə işlətdiyi cümlədən sonra gəlmişəm. Jurnalistin qəza necə baş verdi sualına “Allahın qismətidir də, taleyimiz belə yazılıbmış” deyən sürücü hələ “timsah” göz yaşları ilə üzürxahlıq da etmişdi. Ay qardaş, axı sənin taleyinə içi normadan iki dəfə çox dolmuş avtobusu 120 ilə sür, dar küçələrdə 88 nömrəli avtobusla yarış cümləsini kim yazıb? Niyə etiraf etmirsən ki, bu Allahın qisməti deyil, sənin nəfsgirliyindir, insanların taleyinə biganəliyindir, lap elə sənin tərbiyəsizliyindir.

Avtobus sürücüləri!..

Mən sizin işinizin xırda detallarına bələd deyiləm, ancaq başınızın üstünə asıb yapışdırdığınız cədvələ əsaslanaraq düşünürəm ki, hansısa qrafiklə işləyirsiniz. Bir ərazidən o birinə çatmaq üçün sizə vaxt təyin edilir. Sizin də kütləvi qırğın törətməyinizin səbəbi, o əraziyə daha tez çatıb daha çox adam yığmaqdır. Əgər belədirsə, biz sizə kömək edə bilərik. Məsələn, sizə o qrafiki təyin edən quruma gedib yalvar - yaxar edək, ərizə yazaq, imza ataq. Xahiş edək ki, vaxtınızı bol eləsinlər ki, bizim ömrümüzü kəsməyəsiniz.

Avtobus sürücüləri!..

Lütfən, sükan arxasına oturanda güzgüdən salona bir neçə saniyəlik diqqətlə baxın. Ordakı insanlar sizin üçün iyirmi qəpik ola bilərlər, ancaq başqaları üçün ana, həyat yoldaşı, dost, övladdırlar...