20 Yanvar faciəsi qurbanları AzMİU-da da anılıb

20-yanvar-faciesi-qurbanlari-azmiu-da-da-anilib
Oxunma sayı: 1690

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı korpusunda torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş universitetin tələbə, məzun və əməkdaşlarının xatirəsinə həsr olunmuş memorial xatirə kompleksi - “Şəhidlərin xatirə guşəsi”nin önündə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş mitinq keçirilib. “Qafqazinfo” xəbər verir ki, rektorluğun, professor-müəllim heyətinin, tələbələrin qatıldığı tədbirdə 20 Yanvar faciəsində həyatlarını itirmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verənləri yada salıb, Sovet Ordusunun paytaxtda, eyni zamanda bölgələrdə həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarını itirməsindən danışıb.

Rektorun çıxışından sonra İctimai fənlər kafedrasının müəllimi Gülarə Abbasova bildirib ki, Azərbaycanın öz suverenliyi uğrunda ilk şəhidlərini verdiyi Qanlı Yanvar faciəsindən 29 il ötür. “1990-cı ilin Qanlı Yanvarı tariximizə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Hər il yanvar ayının 20-si ölkəmizdə Ümumxalq Hüzn günü kimi qeyd edilir. 29 il ötməsinə baxmayaraq, biz hər il böyük ehtiram və hüznlə şəhidlərimizin xatirəsini yad edirik.

Mitinqdən sonra tədbir iştirakçıları “Şəhidlərin xatirə guşəsi”nin önünə tər qərənfil dəstələri qoyub, şəhidlərin xatirəsini ehtiramla anıblar.